Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varankın Azərbaycan təmasları çərçivəsində iki ölkə arasında model fabrik sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalanıb.
Teleqraf.com xəbər verir ki, Bakıya “TEKNOFEST” sərgisində iştiraka gələn Varank Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.
Görüşdə Varank Türkiyə ilə Azərbaycan arasında müdafiə, iqtisadiyyat, enerji, sənaye, texnologiya, təhsil, səhiyyə və turizm kimi bir çox sahədə əlaqələrin ən yüksək səviyyədə davam etdiyini bildirib.
Nazir Türkiyənin model fabrik təcrübələrindən danışıb: “Müəssisələrimizin səmərəliliyini artırmaq və rəqəmsal çevrilmələrini istiqamətləndirmək üçün model fabriklər olaraq tanınan Səlahiyyət və Rəqəmsal Transformasiya Mərkəzləri açırıq. Model fabrik mühitlərində əslində nəzəriyyə və praktikanı birləşdiririk. Bu çərçivədə model fabriklər, istehsal və rəqəmsal transformasiya sahələrində strateji əməkdaşlıq memorandumu imzalayacağıq və inşallah bu təcrübəni sizə ötürəcəyik”.
Görüşdən sonra nazirlər “Nümunəvi Zavod Anlaşma Memorandumu”nu imzalayıblar.