11 Avqust 2022 09:23
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ərzaq 1 ildə 21% bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin analoji dövrünə nisbətən 113%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7%, qeyri-ərzaq məhsulları üzrə 107%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 110,1% təşkil edib.

Məlumata görə, təkcə iyulda ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,5 %, ötən ilin iyul ayına nisbətən 113,7% olub.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, ötən ilin iyul ayına nisbətən 120,3% təşkil edib.

İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a ölkədə inflyasiyanın artma səbəblərindən və yaratdığı problemlərdən danışıb.

O bildirib ki, bahalaşma yeni bir proses deyil: “İnflyasiya 2020-ci il pandemiya böhranının effektləri kimi davam etməkdədir və onun uzantısıdır. İstehsal prosesində pozulma, ehtiyatların azalması, eyni zamanda daşıma xərclərinin artması qiymət artımını şərtləndirir. Hökumətlər bir tərəfdən də ekspansiv siyasət həyata keçirirlər. Pandemiyanın təsirlərini zəiflətmək, eyni zamanda məcmu tələbi dəstəkləyərək iqtisadi aktivliyi qorumaq üçün genişləndirilmiş pul-kredit siyasəti həyata keçirirdilər, əhaliyə birbaşa maddi yardımlar verirdilər. Rusiya-Ukrayna müharibəsi olmasaydı, bu proses bəlkə də idarəolunan səviyyədə davam etdirilə bilərdi. Müharibə bu istiqamətdə mümkün təsir alətlərinin sıradan çıxmasına gətirib çıxardı.

Xüsusilə də enerjinin dünya bazarında birdən-birə bahalaşması bütün mal və məhsullarının, o cümlədən xidmətlərin maya dəyərinin daha da artmasına səbəb oldu. Əslində istehsal qiymətləri indeksi daha çox bahalaşıb. Yəni məhsulların maya dəyəri daha çox artıb. Bu, bütün ölkələr üzrə, hətta Azərbaycanda da belədir.

Hələlik qiymətlər o qədər də artmayıb. Çünki alıcılıq gücü var və zəif alıcılıq bu qiymət artımlarına müəyyən qədər müqavimət göstərir. Belə bir şəraitdə qiymətlər maya dəyərinin artmasına adekvat arta bilməz. Yığılıb qalmış bir təsirdir, növbəti dövrlərdə də ərzaq məhsullarında bahalaşmanı şərtləndirən faktor kimi çıxış edəcək”.

Son dövrlərdə çörəyin qiymətinin artacağı ilə bağlı proqnozlar səngimək bilmir. Maraqlıdır, heç bir gömrük rüsumu artırılmadan unun bahalaşması real görünürmü?

Analitik çörəyin qiymətinin arta biləcəyini ehtimal edir: “Amma son 1 həftədə baş verənləri nəzərə alsaq, bu istiqamətdə ehtimallar qismən zəifləyir. Yəni Ukrayna taxılının dünya bazarına çıxarılması ilə bağlı razılaşma və bundan sonra hazırda birjalarda təklif olunan taxılın qiymətinin müharibənin başlama tarixindən (fevral 24) əvvəlki səviyyəyə qədər düşməsi Azərbaycan hökumətinə şərait yaradır ki, mövcud dəstək təbirlərinin müddətini uzatmaqla çörəyin bahalaşmasının qarşısını ala bilsin. Amma buna bağlı proqnoz vermək çətindir. Ona görə ki, çox dar çərçivədə qəbul olunan qərarlar əsasında bu qiymətlər müəyyənləşir. Əslində qiyməti bazar müəyyən etməlidir.

Hazırda zavod çörəyindən başqa bütün çörəklər bahalaşıb. Bu, azad bazar şərtləri daxilində formalaşır. Sadəcə psixoloji faktor kimi hökumət zavod çörəyinin qiymətini müəyyən çərçivədə sabit qalmasına çalışır. Qarşılıqlı təşviqlər vermə yolu ilə asılılığın təmin edilməsindən qaynaqlanan bir mexanizm yaratmaqla bunu edib. Ola bilər ki, un bahalaşsın, amma hökumətin bu məsləyə həssas yanaşdığını nəzərə alsaq, irəli sürülən iddiaların özünü doğrultmama ehtimalı artırır. Birmənalı nə isə demək çox çətindir”.

Rəşad Həsənov hesab edir ki, inflyasiyanın tənzimlənməsi üçün hökumətin yeganə effektiv aləti manatın məzənnəsini sabit saxlamaqdır: “Region ölkələrdə - Türkiyə, İran, hətta Gürcüstanda milli valyutaların zəifləməsi inflyasiyanın nominal effektini daha da artırır. Yəni milli valyutalar ucuzlaşması digər tərəfdən idxal olunan inflyasiyanın səviyyəsini artırır. Azərbaycan hökuməti manatın məzənnəsini son 5 ildə sabit saxlamaqla bu istiqamətdə qismən də olsa, o təsirləri neytrallaşdıra bilib.

Amma əvvəl administrativ alətlərdən daha rahat istifadə edilir. Çünki bazar çox sabitdir, kiçikdir və monopolistdir. Çox rahat formada administrativ alətlərdən, hətta çox bəsit şəkildə telefon zənglərindən belə istifadə edərək qismən də olsa, qiymət artımlarını gecikdirir və istədiyi sahədə qiymət artımlarının qarşısını alır.

Amma iqtisadi faktorlar və alətlərdən bu istiqamətdə o qədər də səmərəli istifadə olunmur. Doğrudur, hazırda anti-inflyasiya planı üzərində iş gedir. Bu, vergi və gömrük məcəlləsində öz əksini tapacaq. Burada güzəştlər, təşviqlərin genişləndirilməsi nəzərdə tutulur. Artıq ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair fərman imzalanıb. Fərmana əsasən ölkədəki bəzi buğda istehsalçılarına subsidiyalar yeni qaydada veriləcək. Bu alət artıq dövriyyəyə daxil edildi.

İstənilən halda bu istiqamətdə atılan addımların ciddi effekt verəcəyini demək, xüsusilə də idxaldan asılılığın azaldılması ilə bağlı yerli istehsalın birdən-birə kəskin artması ilə bağlı gözləntilərə girmək sadəlövhlük olardı”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər