15 Sentyabr 2022 09:28
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə azad sahibkarlıq və liberal iqtisadiyyat üçün əlverişli mühitin yaradılmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır. Liberal iqtisadiyyatın formalaşması üçün ölkədə azad rəqabət mühiti formalaşmalıdır. Azad rəqabət isə inhisarçılığın və monopoliyanın qarşısını kəsən əsas amildir.

Azərbaycanda liberal iqtisadiyyatın inkişafı son illər diqqət mərkəzindədir. Xüsusən də son dövrlər ölkədə elmi əsaslara söykənən liberal iqtisadi sistemin qurulması istiqamətində mühüm addımlar atılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Teleqraf.com-a bildirib ki, liberal iqtisadiyyat azad sahibkarlıq və azad rəqabətin üzərində qurulur.

O bildirib ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəfi azad iqtisadiyyat və liberal iqtisadi sistemin formalaşması və gücləndirilməsidir: “Açıq və liberal iqtisadiyyatın formalaşması ilə bağlı həyata keçirilən fəaliyyətlərin əsas məqsədlərindən biri də gizli iqtisadiyyatların minimumlaşdırılmasıdır. Etiraf etmək lazımdır ki, son 4 ildə bu istiqamətdə xeyli addımlar atılıb. Son müşavirədə Prezident qeyd etdi ki, iqtisadiyyatın ağarması və gizli iqtisadiyyata qarşı mübarizə tədbirlərinin daha da genişləndirilməsi vacibdir. Çünki gizli iqtisadiyyat praktik olaraq azad iqtisadiyyata əngəl olan əsas problemlərdəndir. Ona görə də, yeni iqtisadi siyasətin və formalaşmaqda olan modelin də əsas hədəfləri gizli iqtisadiyyatın tamamilə minimumlaşdırılması və iqtisadiyyatın liberallaşdırılmasıdır. Sözsüz ki, burada qanunvericilik bazasının gücləndirilməsi də əsas məqsədlərdən idi.

Nəzərə alaq ki, həm qanunvericilik bazasının gücləndirilməsi, həm yeni qanunverici aktların qəbul edilməsi istiqamətində işlər intensivləşib. İqtisadi İnkişaf Nazirliyi tərəfindən “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlanıb, hökumətdə müzakirə edilir. Nazirliyin hazırladığı digər layihə isə “Rəqabət Məcəlləsi” ilə bağlıdır. Artıq Nazirlər Kabinetinə təqdim olunan bu məcəllə daha sonra Milli Məclisdə müzakirə olunacaq. Yeni sənədin qəbul edilməsi azad iqtisadiyyatın təşviqini daha da artıracaq”.

Analitik hazırda paralel aparılan islahatlardan da danışıb: “Müşahidə olunan məsələlərdən biri də, bir sıra hallarda haqsız rəqabət, bazarda qiymətlərin süni şəkildə artması və bəzi şirkətlərin öz mövqeyindən istifadə edərək istehlak bazarındakı qiymətlərə təsir göstərməsi ilə bağlıdır. Bu istiqamətdə də strategiyada xüsusi hədəflər müəyyənləşib. Məqsəd həm haqsız rəqabətin aradan qaldırılması, həm monopoliyaya baxışın dəyişməsi, həm də inhisarçılığın tamamilə ləğvinə nail olmasından ibarətdir.

Əslində "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsində də məhz bu fəlsəfədən yanaşma var. Məqsəd xüsusən də inhisara həm hüquqi, həm də praktik yanaşmanın dəyişməsinə nail olmaqdan ibarətdir. Ona görə də bu istiqamətdə hüquqi bazanın təkminləşdirilməsi, azad sahibkarlığın təşviqi əsas istiqamətlərdəndir.

Bu islahatlarla süni qiymət artımları, haqsız rəqabət, monopolist mövqe kimi azad iqtisadiyyat üçün arzuolunmaz hesab edilən halların tamamilə aradan qaldırılmasına nail olmaq mümkün olacaq. Ona görə bu istiqamətdə aparılan islahatlar strategiyanın icra olunduğu növbəti dövrdə azad iqtisadiyyatın, eləcə də liberal iqtisadi dəyərlərin genişlənməsinə, haqsız rəqabətin, monopoliyanın minimumlaşdırılmasına gətirib çıxaracaq”.

İqtisadçı Elman Sadıqov isə beynəlxalq səviyyədə liberal iqtisadiyyat və ticarətin hələ də mövcud olmadığı qənaətindədir: “Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tam liberal ticarət, bütün rüsumların minimum həddə çatdırılması kimi qoyduğu qaydalar artıq uzun müddətdir ki, arxa plana keçib. Hazırda bütün ölkələrdə bu və ya digər dərəcədə öz daxili bazarlarını qorumaq üçün proteksionist (qoruyucu) siyasətə üstünlük verilir. Yəni 1990 və 2000-ci illərin əvvəllərində olan nisbətən sərbəst ticarət 2016-cı ildən sonra azalıb və ölkələr daha çox monetar siyasətə üstünlük verməyə başlayıblar. Məsələn, Çin yuanın qiymətini tənzimləməklə, Yaponiya isə öz milli valyutasını xarici bazara inteqrasiya etməklə ucuzlaşdırır. Bu dövlətlər həm valyutalarının dəyərini aşağı salmaqla, həm gömrükdə rüsumlar tətbiq etməklə, həm də kvotalar tətbiq etməklə liberal ticarəti təmin etməyə çalışırlar”.

Xarici ticarətdə liberal siyasətin bütün ölkələrin iqtisadiyyatına təsir etdiyini deyən müsahibimizin fikrincə, bu siyasət daha çox daxili iqtisadiyyat üçün lazımdır: “Bu da o deməkdir ki, hökumət daxili bazarda sərbəst rejim müəyyən edir. Bazarda sərbəstlik yaranır, giriş hamı üçün bərabər olur və azad rəqabət mühiti formalaşdırılır. Dövlət isə buna müdaxilə etmir və rəqabətə dəstək verir. Bazarın bir nəfərin əlində cəmləşməməsinə, monopoliyanın yaranmamasına və hamı üçün bərabərliyin təmin olunmasına çalışır. Əgər bazarda böhran yaranırsa, dövlət müdaxilə edir. Yəni maliyyə paketləri ayırır, güzəştli kreditlər verir. Hətta hansısa sahəni iflasdan qurtarmaq üçün 1-3-5 illik güzəştli şərtlərlə kreditlər də ayıra bilər. Eyni zamanda, hansısa iri şirkətləri və ya holdinqləri xilas etmək üçün dövlət sifarişlərinə cəlb edə və ya vergiləri azalda bilər. Burada dövlətin marağı məşğulluğun təmin edilməsidir, başqa sözlə, iş yerlərinin sayının artmasıdır”.

Analitik hesab edir ki, hökumət müxtəlif tənzimləmə mexanizmlərindən istifadə edərək, özəl sektoru tamamilə, yaxud da müəyyən bir qismini iflasdan qoruya bilər: “Burada əsas maraq, həmin sektorun və ya iş adamlarının ayaqda qalmasıdır. Bu gün dövlətin bu sahəyə ayırdığı maliyyə yardımı yaxın gələcəkdə yenidən özünə qayıdacaq. Bilir ki, həmin sektor dirçəldikdən sonra əvvəlki qaydada vergisini ödəyəcək, iş yerlərinin sayını artıracaq və s.

Düşünürəm ki, bu zaman dövlət barəsində birtərəfli düşünmək lazım deyil. Yəni “hökumət özəl sektora müdaxilə edə bilməz”, yaxud da “hökumət bu sahədə tənzimləmə aparmamalıdır”, - kimi düşüncələr yanlışdır. Əlbəttə, əgər ciddi problem olarsa və buna görə iş adamları müraciət edərsə, tənzimlənmə aparıla bilər. Məsələn, 20 kiçik şirkət hökumətə müraciət edir ki, böyük bir şirkət onların azad rəqabət aparmaq hüquqlarını pozur və bazarda müxtəlif vasitələrlə öz monopoliyasını genişləndirir. Buna görə də öz məhsullarımızı bazara çıxara və ya qiymətləri qoruya bilmirik. Yaxud da bildirir ki, bazarda dərin böhran başlayıb və bizi bundan xilas edin. Dövlətin əsas vəzifəsi, qanunla tənzimlənən yeni münbit mühit yaratmaqdır. Bu mühitdə sahibkarların azad rəqabətlilik hüququ qorunur, bərabər iş şəraiti yaradılır. Bu zaman rəqabətlilik getdikcə genişlənir və ölkədə sərbəst bazar münasibətləri formalaşır”.

Onun sözlərinə görə, şirkətlər üçün qiymətdən deyil, dövriyyədən qazanmaq daha vacibdir: “Çünki dövriyyə daha çox qazanc gətirir. İş adamlarımız bu məsələni çox zəif bilirlər. Ona görə də bu məsələyə daha çox diqqət ayrılmalıdır. Qiyməti elə tənzimlənməlidir ki, daha çox müştəri qazansınlar. Qazanc az, amma davamlı olsun”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Yeganə Oqtayqızı