“Bolqarıstan Azərbaycanın son illər strateji əlaqələrinin daha da gücləndiyi Avropa ölkələrindəndir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 72 milyon 693 min dollar olub: “Bu ilin ilk 7 ayında isə ticarət dövriyyəmiz 80 milyon 694 min dollaradək yüksəlib. Rəqəmlər göstərir ki, Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsində kəskin artımlar var. Amma təbii ki, potensial daha böyükdür”.
Vüqar Bayramov hesab edir ki, iki ölkə arasında vacib istiqamətlərdən biri də enerji əməkdaşlığıdır: “Qeyd edim ki, son bir ildə Azərbaycan Avropaya 13,5 milyard kubmetr mavi qaz nəql edib. Bütövlükdə Azərbaycan tərəfindən Avropaya 2022-ci ildə 11 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur.
Yunanıstan, daxili şəbəkə vasitəsilə artıq Azərbaycan mavi qazı Bolqarıstana nəql edilir. Bu il yarım milyard, gələcəkdə il ərzində Bolqarıstana 1,5 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Həmin daxili şəbəkənin ötürülməsi qabiliyyəti 5,5 milyard kubmetrə qədər yüksələcək. Avropa üçün Azərbaycan yeni alternativ mənbədir. Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir.
Bu baxımdan, Azərbaycan Prezidentinin Bolqarıstana səfəri iki ölkə arasındakı strateji münasibətlərin yeni mərhələyə daxil olmasına imkan verəcək”.