Dünya bazarlarında neftin qiyməti çərşənbə günü ucuzlaşmaqda davam edib.
Teleqraf.com xəbər verir ki, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 1% azalaraq 78,56 dollar/barelə bərabər olub. Daha əvvəl - gün ərzində ticarətin gedişində bu markalı neftin qiyməti yanvarın 3-dən sonra ilk dəfə bir barel üçün 78 ABŞ dollarından aşağı düşüb. WTI markalı neftin yanvar fyuçersləri isə 0,97% ucuzlaşaraq 73,53 ABŞ dolları olub.
Bazarların əsas narahatlığı tədarük perspektivləri ilə bağlı qeyri-müəyyənliklə bağlıdır. Belə ki, dekabrın 5-də Qərbin Rusiya neftinə qarşı sanksiyaları qüvvəyə minib.
İndi Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftinin qəbulunu dayandırıb, üstəlik, G7 və Aİ ölkələri, eləcə də Avstraliya bir barel üçün 60 dollar qiymət həddi tətbiq edib.