Maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Teleqraf.com-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan Respublikası ilə QDTİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, bankın Azərbaycan üzrə hazırlayacağı 2015-2018-ci illər üçün ölkə strategiyasında prioritetlərin müəyyənləşdirilməsi və onların ölkənin sosial-iqtisadi siyasətinə uyğunlaşdırılması müzakirə olunub.
Azərbaycanın cari iqtisadi vəziyyəti barədə qonaqları məlumatlandıran Samir Şərifov 2014-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, hökumətin əsas inkişaf məqsədlərindən bəhs edib, qeyri-neft sektorunun inkişafının qarşıdakı illərdə də prioritet olaraq qalacağını vurğulayıb.
Nazir qeyd edib ki, QDTİB ölkəmizdə real sektorla birbaşa əməkdaşlığa üstünlük verərək qeyri-neft sektorunun inkişafını və yerli istehsalı dəstəkləməklə əldə olunan nailiyyətlərə daha çox töhfə verə bilər.
Etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində QDTİB-nın bundan sonra da hökumət ilə uğurlu əməkdaşlığı davam etdirəcəyini vurğulayan İhsan Uğur Delikanlı bildirib ki, 2015-2018-ci illər üçün ölkə üzrə milli strategiyada maliyyə sektoruna ayrılan kreditlərin əsasən real sektora yönəldilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, yerli istehsalın, kiçik və orta sahibkarlığın, ticarətin birbaşa maliyyələşdirilməsinə diqqət yetiriləcək.
Görüşdə həmçinin, Azərbaycan Respublikası ilə QDTİB arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb.
Hazırda Bankın nizamnamə kapitalı 3,0 milyard, səhm kapitalı isə 2,0 milyard təşkil edir. Səhm kapitalında Azərbaycan 5 faiz paya malikdir. Bank fəaliyyətə başlayandan bugünədək Azərbaycanda özəl sektora 35 layihənin icrası üçün 220,0 mln. avro məbləğində kredit ayırıb ki, bu da Bankın əməliyyatlar portfelində 7,4 faiz təşkil edir.
Naibə QURBANOVA