23 Dekabr 2014 12:11
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir neçə ayda valyuta bazarında baş verən proseslər maliyyəçiləri belə tərəddüdə salıb.

Belə ki, gözlənilmədən neftin qiyməti düşür, ABŞ valyutası digər valyutalara nəzərən möhkəmlənir. Rusiya iqtisadiyyatında isə bu hər iki prosesin fonunda rublun dəyəri gündən-günə aşağı enir. Digər tərəfdən xammal birjasında qızılın qiyməti düşür. Türkiyəli iqtisadçıların fikrincə, 2015-ci ilin yanvarında dolların qiymətinin qəflətən qalxması qızılın qiymətini yüksəldəcək. Bununla da alıcılar qiymətin enməsini, satıcılar isə qiymətlərin daha da artmasını gözləyəcəklər.

Bəs Rusiya rublunun aşağı düşməsi fonunda ABŞ dollarının məzənnəsinin artması ilə bu ölkə udacaqmı? Dolların kəskin surətdə qalxmasının ABŞ üçün nə kimi mənfi təsirləri var?

Azərbaycanlı iqtisadçısı Vüqar Bayramov hesab edir ki, dolların məzənnəsinin aparıcı ölkələrin valyutalarından kəskin surətdə artması, adətən, uzun müddətli dövrü əhatə etmir:

"Ölkə çalışır ki, müəyyən müddətdən sonra öz valyutasının məzənnəsini aşağı sala bilsin. Dollar məzənnəsinin möhkəmlənməsi ABŞ iqtisadiyyatı üçün heç də müsbət hal kimi qiymətləndirilmir. Əslində, məzənnənin möhkəmlənməsi ABŞ-da müşahidə edilən iqtisadi inkişaf və inflyasiya səviyyəsinin aşağı olması ilə bağlıdır. Amma nəzərə alsaq ki, dolların məzənnəsinin möhkəmlənməsi ABŞ-ın ixrac qabiliyyətini xeyli azaldıb, müəyyən qədər risklər formalaşdırır, ixrac qabiliyyəti azaldığı üçün Birləşmiş Ştatların iş adamları dolların məzənnəsinin qalxmasında maraqlı deyillər".

"Dolların qalxması ABŞ şirkətlərini çətinə salıb"

Onun fikrincə, dolların məzənnəsinin artması ABŞ üçün risklər formalaşdırır: "Şirkətlər ölkə daxilində və xaricində öz məhsullarını satmaqda müəyyən çətinliklərlə üzləşirlər. Çünki malları daha baha olur. Bu, ABŞ-da daxili inflyasiya səviyyəsinin daha aşağı düşməsinə gətirib çıxarır və sosial öhdəliklər baxımından müəyyən problemlər formalaşdırır. Təbii ki, ABŞ ixracatı üçün çətinliklər yaradır".

V.Bayramov qeyd edib ki, dolların məzənnəsinin kəskin möhkəmlənməsi ABŞ üçün arzuolunan deyil: "ABŞ bu siyasəti avrozonanın canlandırılması baxımından davam etdirmək niyyətindədir. Güman edilir ki, 2015-ci ilin yazına doğru avronun məzənnəsinin möhkəmlənməsi və buna uyğun olaraq dolların avroya nisbətən məzənnəsinin aşağı düşməsi müşahidə ediləcək".

İqtisadçı ekspert dolların bahalaşmasının qızıl bazarına təsirlərindən də danışıb. O deyib ki, dolların qalxması qızıl bazarına təsir göstərsə də, bu təsir birmənalı deyil: "Qızıl dollarla satıldığına görə dolların məzənnəsinin güclənməsi qızılın qiymətinin qalxmasına yox, aşağı düşməsinə gətirib çıxarır. Amma qızılın unsiyası avro və başqa valyutalarda bahalaşır".

O əlavə edib ki, son 1 ildə qızılın qiyməti dollarla ifadədə stabil qalıb, artım-azalma qeydə alınmayıb: "Son 6 ayda isə qızılın qiyməti dollarla ifadədə 9,24 faiz aşağı düşüb. Dekabrda isə stabil qalıb. Qızılın qiymətini avro ilə qiymətləndirəndə isə qiymət 12 faizə yaxın yüksəlib. Son 6 ayda 1 faiz, son 1 ayda isə 1.1 faiz artım qeydə alınıb. Dolların möhkəmlənməsi ilə paralel olaraq neftin qiymətinin aşağı düşməsi müşahidə olunur. Bu baxımdan artıq dolların məzənnəsinin möhkəmlənməsi qızıl bazarına ikili təsir göstərir. Bir tərəfdən dollarla ifadədə qızılın dəyərinin azalmasına gətirib çıxarırsa, digər tərəfdən neft bazarında baş verənlər fonunda investorların qızıl bazarına marağını artırır. Dolların 2015-ci ilin payızına doğru proqnozlaşdırılan məzənnə azalmalarına uyğun qızılın qiymətində artım müşahidə olunacaq. Amma yaxın aylardan kəskin artım proqnozlaşdırılmır".

O deyib ki, rublun aşağı düşməsi ABŞ üçün ciddi divident vəd etmir: "Çünki Rusiya ilə ABŞ-ın xarici ticarət dövriyyəsinin həcmi yüksək deyil. Dolların məzənnəsinin gücləndirilməsi Avropa iqtisadiyyatına jestdir".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər