14 Yanvar 2023 11:45
2 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolz paytaxt Berlində İraqın baş naziri Məhəmməd Şia əs-Sudani ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdən sonra ortaq mətbuat konfransı keçirilib.

Olaf Şolz Almaniya ilə İraq arasındakı ikitərəfli əlaqələri dərinləşdirmək üçün bir proqramı üzərində razılaşdıqlarını deyib: “İraqın yeni hökumətinin vəzifəyə gəlməsi ilə yeni səhifə açmaq fürsəti var. Sudan hökuməti xüsusilə iqtisadi islahatlara diqqət yetirir və Almaniya bunu dəstəkləyir.

Almaniya gələcək illərdə enerji tədarükünü təmin etmək üçün strateji qərarlar verib. Enerji sahəsində müxtəlif idxal imkanlarından istifadə etmək istəyirik. Əvvəlki dövrdən fərqli olaraq enerji sahəsində tək bir təchizatçıdan asılı olmaq istəmirik. İraq Almaniyanın neft-qaz idxalında bizi məmnun edəcək bir əməkdaşlıq ortağı ola bilər”.

Məhəmməd Şia əs-Sudani isə ölkəsinin Almaniya ilə sıx əməkdaşlığı dərinləşdirmək istədiklərini bildirib: “İraq iqtisadiyyatının böyüməsi üçün bu sahədəki işləri şaxələndirmək istəyir. İraq neft və təbii qaz istehsalında əhəmiyyətli bir oyunçudur”.

Baş nazir İraqda yeni liman inşa etdiklərini də diqqətə çatdırıb: “Təbii qazımız bu liman vasitəsilə Azərbaycandan başlayan və Türkiyə üzərindən keçən TANAP-a qoşulmaqla Avropaya nəql oluna bilər. Bunun üçün boru xətləri ilə dəmir yolu inşa edirik”.

Qeyd edək ki, hazırda enerji qıtlığı yaşayan İtaliya Azərbaycandan tədarük etdiyi təbii qazın 16,4 milyard kubmetrini Trans-Anadolu Təbii Qaz Boru Kəmərinə (TANAP) birləşən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql edir.

Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Avropada təbii qaz böhranı yaşanır. Problemin həlli üçün Avropa ölkələri yeni enerji mənbəyi və marşrut axtarışındadır. Bu hadisələrin fonunda TAP İtaliyaya 16,4 milyard kubmetr Azərbaycan təbii qazını nəql edib. Avropanın enerji tələbatının ödənilməsinə mühüm töhfə verən TAP hazırda İtaliyanın ikinci mənbəyidir.


Müəllif: Yeganə Oqtayqızı