Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq növbəti "Açıq qapı günü”-vətəndaş forumunu dekabrın 26-da Salyan rayonunda keçirib. "Azərbaycanın müasir sosial sığorta-pensiya sistemi- pensiyanızı özünüz hesablayın” adlı regional tədbirdə Salyan, Neftçala, Biləsuvar, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.
Forumda bildirilib ki, bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb. Beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulan sosial müdafiə sistemi vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bununla yanaşı, uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin imzaladığı 4 noyabr 2014-cü il tarixli sərəncamla təsdiq olunan "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, "Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin elektron xidmətləri ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. Ötən dövr ərzində bütün zəruri işlər görülərək, məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapıb. Belə ki, Dünya Bankının "Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.
Regional forumda qeyd olunub ki, 2014-cü il dekabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 249 951 sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,29 faiz artıb. Bununla da Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 941 308 nəfərə yüksəlib.
Tədbirdə məlumat verilib ki, hazırda respublikamızda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Sosial sığorta haqlarının alınan əmək haqlarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tam məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm Dövlət Sosial Müdafə Fondunun saytı (www.sspf.gov.az), həm də "Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə "Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər ki, bu da işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir.
Təqdimatla çıxış edən DSMF-nin şöbə müdirinin müavini Rüfət Oruclı diqqətə çatdırıb ki, "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir. Hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan "Elektron hesabat” xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir.
DSMF-nin internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər. Bundan əlavə, pensiya yaşına çatmış hər bir vətəndaşa hər hansı sənəd toplamadan və vaxt itirmədən Fondun 190 çagrı mərkəzinə zəng vurub, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə, real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı yaradılıb.
Tədbirdə ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan "Pensiya+”xidməti, habelə Fondun əhaliyə və sığortaedənlərə təqdim etdiyi çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara ətraflı məlumat verilib.
Diskussiya şəraitində davam etdirilən regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə edilib.