“Azərbaycanda son 2 ayda kredit qoyuluşları 3 faizdən çox azalıb”.
Telaqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, əmanət gəlirləri vergiyə cəlb olunduqdan sonra kredit faizlərinin necə dəyişməsi müzakirə olunan məsələ olaraq qalmaqdadır: “Mərkəzi Bank kredit faizlərinin artırılması üçün hər hansı əsasın olmadığını bəyan edib. Hələlik kredit faizləri üzrə son aylıq göstəricilər elan olunmadığı üçün fevralın 1-dən sonrakı tendensiyanı dəyərləndirmək tezdir. Bu baxımdan, həm kredit faizləri, həm əmanət portfelinin dəyişməsi ilə bağlı qiymətləndirmənin statistik məlumatlar elan olunandan sonra gələn ay aparılması mümkün olacaq”.
İqtisadçının araşdırmasına əsasən, son aylar ölkədə kreditləşmə üzrə azalma tendensiyası müşahidə olunur: “Kredit portfeli 2022-ci ilin noyabr ayında 20 milyard 218 milyon, dekabrda 20 milyard 184 milyon, bu ilin yanvarında isə 19 milyard 594 milyon manat olub. Bu o deməkdir ki, son 2 ayda kredit qoyuluşları 3 faizdən çox azalıb. Bunu risk səbəbindən bankların böyük kreditləşmədə tam maraqlı olmaması, bir sıra banklarda kreditə əlçatanlığın tam təmin olunmaması və təbii ki, faizlərin hələ də yüksək olması ilə əlaqələndirmək olar.
Bu baxımdan, Mərkəzi Bank tərəfindən həm kredit qoyluşlarının artırılması, həm də faizlərin optimallaşdırılması üçün təşviqedici tədbirlərin dairəsinin genişləndirməsi və real sektorun yaxından maliyyələşdirilməsinin daha da stimullaşdırması vacibdir”.