4 Mart 2023 09:05
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınların pensiya yaşının azaldılması məsələsi mütəmadi müzakirə olunur. Bu dəfə məsələ Milli Məclisin iclasında Ombudsman Aparatının 2022-ci il üzrə illik məruzəsində gündəmə gəlib.

Belə ki, qadınların pensiya yaşının azaldılması, xüsusilə 63 yaş müəyyənləşdirilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Məruzədə bildirilib ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan qanununun 1.13-cü maddəsinə əsasən, bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edilib ki, Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil.

İqtisadçı Pərviz Heydərov Teleqraf.com-a açıqlamasında bildirib ki, qadınların pensiya yaşının 63 müəyyən edilməsi çoxdur.

O hesab edir ki, bu yaş həddinin azaldılması ətrafında müzakirə aparılarsa, məsələyə yenidən baxmaq olar: “Pensiya yaşı müəyyən edilərkən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) imkanları nəzərə alınır. Eyni zamanda vətəndaşların əmək fəaliyyəti dövründə ödədikləri sosial sığorta haqları, onların pensiya kapıtalı, iş stajları və sair də nəzərdən keçirilir. Yəni dövlət bütün vətəndaşlara pensiyanı öz büdcəsindən ödəyə bilmir. Bu məqsədlə vətəndaş çalışdığı dövrdə sosial sığorta haqqı deyilən vergini ödəməklə özünə pensiya kapitalı yığır. Bu da elə təşkil olunmalıdır ki, vətəndaşın vaxtı ilə ödədiyi sığorta haqları onun pensiya məbləğinə kifayət etsin, eyni zamanda bu və ya digər çatışmazlıq olanda DSMF-nin büdcəsindən əlavə dotasiya ayırmaq mümkün olsun. Hazırkı yaş həddi bu məsələlər nəzərə alınaraq müəyyən olunub.

Son illər DSMF-nin dövlət büdcəsindən asılılığı tədricən azalıb. Bu müsbət göstərici yığımlarla bağlıdır. 2019-cu ildə yığımlar DSMF-dən alıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verdilər. Bundan əlavə, Vergi Məcəlləsinə edilən dəyişikliklə sosial sığorta haqlarının faizi artırıldı. Daha sonra vergi orqanları tərəfindən vergi ödəyicisinin işçiləri əmək müqaviləsiz işə cəlb edilməsi faktları aşkarlandı. Bütün bu tədbirlər nəticəsində DSMF-nin dövlət büdcəsindən asılılığı azaldı”.

İqtisadçı deyir ki, qadınların 55-60 yaşdan pensiyaya çıxmaq hüququnun təmin edilməsini hər kəs istəyər: “Amma bu məsələyə ölçü ilə yanaşmaq lazımdır. İşin maliyyə tərəfini düşünsək pensiya ödənişləri üçün tələb olunan vəsaitin haradan, necə əldə olunacağına nəzər salınmalıdır. Hazırkı gedişat onu deməyə əsas verir ki, kişilərin olmasa da, qadınların pensiyaya çıxmaq hüququnu 60 yaşda əldə etməsinə şərait yaratmaq mümkündür. Amma bu, indi real görünməsə də, yaxın gələcəkdə mümkündür.

Dövlət də istəyər ki, vətəndaşı ondan razı qalsın, işdən çıxdıqdan sonra yüksək səviyyədə pensiya alsın, əhalisinin vaxtından əvvəl pensiyaya çıxmaq istəyini reallaşdıra bilsin. Bunun üçün müvafiq şərtlərin təmin olunması lazımdır. İlkin şərt odur ki, gərək vətəndaşların əmək haqları yüksək olmalıdır ki, onlar sosial sığorta haqlarını eyni səviyyədə ödəyə bilsinlər. Bundan əlavə, DSMF-nun maliyyə imkanları geniş olmalıdır, ölkədə özəl pensiya fondları fəaliyyət göstərməlidir. Hər bir vətəndaş istənilən məbləğdə pensiya kapitalı yığdıqdan sonra qanunvericiliklə müəyyən olunmuş istənilən yaşda pensiyaya çıxmaq hüququnu da təmin edə bilər. Amma indiki şəraitdə bu, tezdir”.

DSMF-nun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi qaydası müəyyən edilib. Bunun riski varmı?

Pərviz Heydərovun sözlərinə görə, Azərbaycan reallığında bu məsələ güclü araşdırma tələb edir: “Hazırda fəaliyyət göstərən banklarımız öz vəsaitləri hesabına normal kredit verə bilmir. Üstünlüyü ancaq istehlak kreditləri təşkil edir. Yəni bankların sahibkarlara, hansısa istehsalat sahəsinə kredit verməsini görmürük. Ölkəmizdə bank sistemi xəstə vəziyyətdədir. Ona görə də Azərbaycanda sərmayə yatırmaq üçün hələlik imkanlar məhduddur. Amma iqtisadiyyat inkişaf etdikcə, elə dövlət proqramları hazırlana bilər ki, bilavasitə dövlət özü qarant durmaqla DSMF-nun vəsaitlərindən istifadə edə bilər. Hələlik bu məsələ bir qədər nisbi xarakter daşıyır.

Əlbəttə, DSMF da istəyər ki, vəsaitini gəlirli sahəyə yatırsın. Amma belə bir sahə varmı? Hər yer - kənd təsərrüfatı, istehsal, sənaye sahələri risklidir. Bu da ondan qaynaqlanır ki, ölkə iqtisadiyyatının lokomotivi neft-qaz sektoruna bağlıdır. Bu sektora da sərmayə qoyanlar əsasən xarici sərmayəçiləridir. DSMF-nun yatırımları isə ancaq qeyri-neft sektoruna yönələ bilər ki, bu da hələlik o səviyyədə inkişaf tapmayıb.

Amma ümumilikdə DSMF-nun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi müsbət qərardır. Bir var, DSMF-nun vəsaitləri vətəndaşların ödədiyi sosial sığorta haqlarından və ya dövlət büdcəsindən transfert məbləğindən ibarət olsun, bir də var ki, Fond öz sərbəst vəsaitlərini bu və ya digər şirkətlərin səhmlərinə yatırmaqla, banklara verməklə faiz şəklində əlavə gəlir ələdə edir. Bir sözlə, DSMF-nun öz vəsaitləri hesabına istənilən sahələrə investisiya qoymağa imkanı olmalıdır ki, əlavə gəlirlər götürə bilsin. Yaxşı olar ki, Fond öz sərbəst vəsaitlərini gəlirli sahələrə yatırsın. Beləliklə vətəndaşlar pensiyaya çıxanda onlara yaxşı pensiya məbləği təyin etmək mümkün olsun”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər