14 Mart 2023 17:00
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkələrində 8,2 milyard manatlıq dövriyyə olub.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 4,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 3,6 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşür.

2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb. Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

2023-cü ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 14,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2023-cü ilin yanvar-fevral aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6 faizini təşkil edib. 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin eyni dövründə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,3 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz, bazar və yarmarkalarda 2,3 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 405,5 manatlıq, o cümlədən 228,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 177,5 manatlıq qeyri-ərzaq malları alıb.


Müəllif: Yeganə Oqtayqızı