“Azərxalça” ASC-nin İdarə heyətinin sədri Emin Məmmədovun Dünya Bankının bir sıra rəsmi şəxsləri və mütəxəssisləri ilə görüşü baş tutub.
Teleqraf.com xəbər verir ki, görüşlərin əsas məqsədi Azərbaycan xalça sənayesinin müasir inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparmaq və bu sənaye növündə Dünya Bankı Qrupuna daxil olan maliyyə institutları ilə mümkün əməkdaşlıq istiqamətlərinin müzakirə edilməsi olub.
Dünya Bankının İdarə Heyətinin üzvü, icraçı direktor Dominik Favre, Bankın Gender departamenti və Avropa və Mərkəzi Asiya regionlarında münaqişələr üzrə qrupunun rəhbər şəxsləri və mütəxəssisləri ilə keçirilmiş görüşlərdə “Azərxalça” ASC rəhbərliyi Azərbaycanda xalça sənətinin müasir inkişaf mərhələsi barədə məlumat verib. Emin Məmmədov təmsil etdiyi qurumun regionlarda ən çox qadın işçilərin çalışdığı müəssisə olduğunu diqqətə çatdıraraq, xanımların sosial rifah halının “Azərxalça” ASC üçün prioritet təşkil etdiyini bildirib.
ASC sədri hazırda Azərbaycan xalçaçılıq sənətinin sənaye sahəsi olaraq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb: “Bütün incəsənət növlərində olduğu kimi, xalçaçılıq sənəti də rəqabətə davamlılığının artırılması üçün müasir dünyanın həm zövq, həm də texnika tələblərinə cavab verməlidir. Bunun üçün “Azərxalça” ASC-nin həm yerli, həm də dünyanın tanınmış dizayn mütəxəssisləri ilə də çalışır. Bu dəyişikliklərin Azərbaycan xalçalarının ənənəvi bazarlardan başqa, ABŞ kimi yeni bazarlarda da geniş yayılmasına imkan verəcəyinə inanırıq”.
Qeyd edək ki, “Azərxalça” ASC-nin nümayəndə heyəti bu il martın 27-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan xalçalarından ibarət sərginin açılışında iştirak edib. “Azərxalça” ASC və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkil etdiyi sərgidə Azərbaycan xalçaçılıq sənətinin ənənəvi nümunələri ilə yanaşı, müasir dizaynda tərtib edilmiş yeni xətt xalçaları da nümayiş etdirilir. Sərgi bir il müddətində ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda yerləşən qalereyasında fəaliyyət göstərəcək.