19 Aprel 2023 13:26
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin I rübündə Azərbaycanın mənzil bazarında qiymətlər 2022-ci ilin IV rübü ilə müqayisədə 3,1 faiz artıb.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, son 3 ayda yeni tikilən mənzillərin qiyməti 2,6 faiz, təkrar mənzillərin qiyməti isə 3,1 faiz artıb.

Son bir ildə (2022-nin 1-ci rübündən 2023-ün 1-ci rübü) isə ölkədə mənzillər 9,9% bahalaşıb. Yeni tikililərdəki mənzillər 8%, köhnə mənzillər isə 9,9% bahalaşıb.

Daşınmaz əmlak sektoru üzrə mütəxəssislər “Statkom”un açıqladığı qiymətlərlə razılaşmır. Onlar hesab edir ki, real rəqəmlər göstərilən statistik nəticələrdən daha yüksəkdir.

"Vecon Consulting LLC"in direktoru Vüqar Oruc Teleqraf.com-a bildirib ki, paytaxtın daşınmaz əmlak bazarında qiymətlər ötən illə müqayisədə 18,83 %-dən çox artıb.

O, ötən dövr ərzində həm Dövlət Statistika Komitəsinin, həm də Mərkəzi Bankın mənzil qiymətində 7-8 faiz artım göstərdiyini qeyd edib: “Bu dövlət qurumlarının qiymətləri hansı metodologiya ilə hazırladığı bizə aydın deyil. Amma bizim araşdırmalarımızda həmin göstəricilər qeyd olunan faizlərdən kifayət qədər fərqlənir. Bəzən 15-20 faiz, hətta daha artıq qiymət artımına şahid olmuşuq. Daşınmaz əmlak bazarına müraciət edib, bunu asanlıqla müəyyən etmək olar. Ola bilsin ki, adıçəkilən dövlət qurumları ortalama rəqəmlər ortaya çıxarıblar. Onların metodologiyası Bakıda və ətraf rayonlarda fərqli qiymətə olan mənzilləri götürüb ortaq məxrəcə gəlməkdir”.

Vüqar Oruc ümumilikdə daşınmaz əmlak bazarında çox ciddi şəkildə qiymət artımı olduğunu düşünür: “Ölkə daxilində və xaricində baş verən proseslər qiymət artımına səbəb olur. İlk növbədə Rusiya-Ukrayna arasındakı müharibəni nümunə göstərə bilərik. Bundan əlavə, Azərbaycan 30 ildən artıq işğal altında olan torpaqlarını azad etdi. Bununla əlaqədar olaraq ölkəmizə investisiya axını başlayıb. Bütün bu faktorlar qiymətlərin artmasına səbəb olan amillərdir.

Manatın alıcılıq qabiliyyətində, eləcə də enerji daşıyıcılarının qiymətində müəyyən dəyişikliklər baş verib. Ərzaq və digər gündəlik tələbat mallarının qiymətlərində də artımlar müşahidə olunur. Nəticədə dünən evini 100 minə təklif edən şəxs, bu gün fikirləşir ki, mənzilini 110 minə satsa, qarşıda olan problemlərini daha rahat həll edər.

Yəni daşınmaz əmlaka sadə baxmaq olmaz ki, qiymətlərin dəyişməsi yalnız tələb və təklifdən asılıdır. Tələb və təklifdən asılılıq məsələnin üzdə görünən hissəsidir. Tutaq ki, İpoteka və Kredit Zəmanəti Fondu bir neçə aydan bir ayırmalar edir. Nəticədə daşınmaz əmlak bazarında dinamika yüksəlir, alqı-satqı əməliyyatlarının sayı artır. Təbii ki, bu, qiymət artımına səbəb olur”.

Ekspertin sözlərinə görə, inşaat materialları bazarı üzrə satış qiymətlərində də artımlar müşahidə olunur: “Ölkəmizin inşaat bazarına əsasən MDB ölkələrindən mal-material idxal olunub. Ötən ilin əvvəlində Rusiya ilə Ukrayna arasında başlamış müharibə tikinti materialların ölkəmizə idxalında problemlər meydana gətirib. Bu səbəbdən 2022-ci ilin ortalarında qiymətlərdə artım müşahidə olunub.

O cümlədən Azərbaycan əsilli iş adamlarının öz biznesini və investisiyasını ölkəyə yatırmaq cəhdləri artıb. Əvvəllər onlar fikirləşirdilər ki, öz bizneslərini Rusiyada, Ukraynada qura bilərlər. İndi onlar əllərində olan investisiyanı Azərbaycanda qeyri-yaşayış və yaşayış obyektlərinə qoyurlar. Bu proses də qiymət artımına təsir göstərir.

Azərbaycan iqtisadiyyatı böyüyür. Təbii ki, bu zaman daşınmaz əmlak bazarında yüksəlmələr baş verir. Ölkədə keçirilən beynəlxalq tədbirlər Azərbaycana olan marağı artırır. Təqribən 7-8 komponent var ki, onlar daşınmaz əmlakın qiymətlərini artırır. Bütün bunlar son nəticədə bazarın tələb və təklif asılılığına təsir göstərir”.

Vüqar Oruc hesab edir ki, 2023-cü ildə qiymət artımı daşınmaz əmlakın bütün seqmentində müşahidə olunur: “2020-ci ildə pandemiya səbəbindən alqı-satqı əməliyyatları azalmışdı. Buna görə qiymətlərdə geriləmələr var idi. Doğrudur, qiymətlərin aşağı düşməsindən söhbət getmirdi, amma alıcılıq qabiliyyəti kəskin azalmışdı.

2021-2022-ci illərdə getdikcə pandemiya arxa fona keçdi, başqa sözlə insanlar buna öyrəşdilər. Toyların keçirilməsinə qoyulmuş qadağalar götürüldü, yeni ailələr qurulmağa başladı və sair. Bu da yeni mənzillərin və fərdi yaşayış evlərinin alqı-satqısına təsir göstərdi.

Real rəqəmlər göstərilən statistik nəticələrdən daha yüksəkdir. Demək olar ki, qiymət artımı daşınmaz əmlakın bütün seqmentinə sirayət edib. Hesab edirəm ki, bu proses hələ davam edəcək. Yəni müxtəlif sikllər üzrə artım dinamikasına yenə də şahid olacağıq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər