Qərb analitikləri hesab edirlər ki, Səudiyyə Ərəbistanı 1980-ci illərdə etdiyi səhvi təkrarlamayacaq və neft hasilatını azaltmayacaq. Tarix göstərir ki, qiymətlərin bərpası çox uzun çəkə bilər.
Publika.az Caspian Barel-ə istinadən xəbər verir ki, belə bir bəyanatla alman ekspertləri çıxış edib. Onlar deyiblər ki, yaxın gələcəkdə birjalarda qiymətlərin azalma tendensiyası davam edəcək. Və bu Səudiyyə Ərəbistanının yeni taktikası ilə bağlıdır. “NordLB” alman bankının analitiki Frederik Kunçe qeyd edib ki, qlobal maliyyə və iqtisadi böhranından bəri xam neft bazarında belə neqativ əhval-ruhiyyə olmamışdı. Onun sözlərinə görə, bir barel neftin 40 dollar səviyyəsinə düşməsi daha çox reallığa çevrilir.
Ekspertlər neftin ucuzlaşmasının əsas səbəbini bazada xammalın bolluğu ilə izah edirlər. Buna səbəb isə Şimali Amerikada “şist inqilabı” və iri istehsalçıların hasilatı azaltmaqdan imtinasıdır. Eyni zamanda, onlar həm OPEK ölkələrinə, həm də Rusiyaya işarə edirlər. Ancaq mütəxəssislər baş verənlərdə əsas rolun Səudiyyə Ərəbistanına məxsus olduğunu bildirirlər.
Amerikanın “Medley Global Advisors” konsaltinq şirkətinin eksperti Yasser Elquindinin fikrincə, Səudiyyə Ərəbistanı 1980-ci illərdə etdiyi səhvi təkrarlamamağa çalışır:“Ən böyük səhv ondan ibarət idi ki, qiymətləri qaldırmaq üçün onlar hasilatı azaldırdılar”. Nəticədə o zaman Ər-Riad çox az şeyə nail oldu və hətta bazarda öz mövqelərini gücləndirmək üçün şanslarını qaçırdı. Səudiyyə Ərəbistanı o zaman 5 ildə gündəlik neft hasilatını 10 milyon bareldən 2,5 milyon barelədək azaltdı, ancaq bazarda qiymətlər düşməkdə davam etdi. Çünki Sovet İttifaqı neft istehsalını və ixracını ildən-ilə artırırdı, OPEK-ə daxil olmayan digər ölkələrdə də belə hallar baş verirdi. İndi isə onlar iri alıcılara güzəştlər təqdim edərək, bazarda paylarını artırırlar.
Amerikanın Pira Energy Group şirkətinin başçısı Qeri Ross əmindir ki, ”Səudiyyə Ərəbistanına qiymətlərin azalması iqtidasi baxımdan daha əlverişlidir”.“Reuters” agentliyinə müsahibəsində Qeri Ross həmçinin Səudiyyə Ərəbistanın keçən əsrin 80-cı illərin əvvələrindəki mənfi təcrübəsini xatırladıb: “Onda dünya bazarına Şimal dənizindən böyük miqdarda neft daxil oldu və qiymət 10 dollara qədər düşdü, bunun sonradan bərpası üçün isə uzun müddət lazım oldu. İndi Səudiyyənin atdığı addımlar neft bazarında qiymətlərin artmasına yönəlib, ancaq bunun üçün müəyyən zamana ehtiyac var. Bu zaman isə aydındır ki, 80-ci illərdəki kimi, uzun müddət üçün olmasa da, qısa müddətə də hesablanmayıb”.