Çin Yaponiyadan bütün dəniz məhsulları idxalını dayandırdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Çin bu qərarı Yaponiyanın 2011-ci il zəlzələsindən sonra sunami nəticəsində zədələnmiş “Fukusima-1” Atom Elektrik Stansiyasından radioaktiv tullantı sularını okeana axıtmağa başladıqdan sonra verib.
Baş Gömrük İdarəsinin bəyanatında deyilir ki, qərar “Fukusima”dan radioaktiv tullantı sularının dənizə axıdılması nəticəsində yaranan nüvə tullantıları riskinin qarşısının alınması, Çin istehlakçılarının sağlamlığının və idxal olunan ərzaq məhsullarının təhlükəsizliyinin qorunmasına yönəlib.
Bəyanatda qeyd olunub ki, Çin Qida Təhlükəsizliyi Qanunu və onun tətbiqi qaydalarına, İdxal olunan və İxrac edilən Qida Məhsullarının Təhlükəsizliyi haqqında Əsasnaməyə və Ümumdünya Ticarət Təşkilatının Sanitariya və Fitosanitar tədbirlərin həyata keçirilməsinə dair Konvensiyasına uyğun olaraq, bütün məhsulların idxalı Yaponiyadan gələn dəniz məhsulları, o cümlədən yeməli məhsullar avqustun 24-dən dayandırılıb.
Tokio Elektrik Enerjisi Şirkəti (TEPCO) radioaktiv tullantı suyunun okeana boşalma prosesinin avqustun 24-də yerli vaxtla saat 13.00-da başlayacağını elan edib.
Daha əvvəl açıqlanan plana əsasən, Yaponiya birinci mərhələdə 7 gün ərzində 7800 ton çirkab sularını okeana axıdacaq. 2024-cü ilin mart ayına qədər ümumilikdə 31 min 200 ton radioaktiv tullantı sularının axıdılması planlaşdırılır.
Plan regionda yaşayan balıqçıların və ətraf mühitin mühafizəsi fəallarının, eləcə də qonşu ölkələrin, xüsusən də Çinin reaksiyasına səbəb olub.