“Artıq 600 manatlıq birdəfəlik müavinətin verilməsinə başlanılıb. Bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir. Əmək Məcəlləsinə edilən dəyişikliklərlə işğaldan azad olunan ərazilərdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Maraqlıdır, 600 manat birdəfəlik müavinət kimlərə şamil olunur və necə müraciət edilməlidir?
Deputat qeyd edib ki, işğaldan azad olunan ərazilərdə çalışan vətəndaşların aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, 600 manat birdəfəlik müavinət ödənilir: “Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.
Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər”.
İqtisadçı prosesə məsul olan qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğun vurğulayıb: “Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Müavinət proaktiv qaydada təyin edilir”.
Müraciətdən neçə gün sonra vəsaitin ödənilməsinə gəlincə, analitik bildirib ki, müavinətin təyin olunması barədə müraciət qeydə alındığı gündən ən gec 10 (on) gün müddətində baxılır və qərar qəbul edilir: “Yəni, müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququ varsa ən gec 10 günə vəsait onun hesabına köçürüləcək”.