Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev avqustun 31-də “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.
Görüşdə “Abşeron” yatağında hasilatın başlanılması vurğulanıb və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verilib. Qeyd edilib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.
Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olunub.
Fransanın ölkəmizə qarşı qərəzli siyasət yürütməsi məlumdur. Rəsmi Parisin xüsusən də Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı təxribatçı addımları xeyli müddətdir ki, sistemli xarakter alıb.
Maraqlıdır, məlum görüşün altında hansısa qərarlar ola bilərmi?
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Teleqraf.com-a açıqlamasında 2023-cü ildə “Total” şirkəti ilə Azərbaycan siyasi rəhbərliyi, həmçinin Dövlət Neft Şirkəti arasında danışıqların intensiv xarakter aldığını bildirib: “Səhv etmirəmsə, bu, ilin əvvəlindən bəri “Total” rəhbərliyi ilə Azərbaycan Prezidentinin üçüncü görüşüdür. İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində ənənəvi Xəzər Neft və Qaz Sərgisinin açılışında Azərbaycanın tezliklə “Abşeron” yatağından qaz hasil edəcəyinin anonsunu vermişdi.
Bundan əlavə, 2023-cü ilin birinci yarımilliyinin yekunları ilə bağlı Prezident yanında hökumətin iqtisadi blokunun üzvləri ilə görüşdə İlham Əliyev Dövlət Neft Şirkəti ilə Fransanın “Total” şirkəti arasında “Abşeron” yatağının növbəti mərhələsi üzrə danışıqların getdiyini vurğuladı. Sözügedən yatağın ikinci mərhələsi Azərbaycan üçün çox vacibdir. Bu, istər regiona, istər beynəlxalq əlaqələrə və mövcud qaz layihələrinin inkişafına təsir edən bir yataqdır.
Məlumdur ki, “Abşeron”un birinci mərhələsindən çıxan kiçik həcmli qaz Azərbaycanın daxili bazarı üçündür, ikinci mərhələdən çıxan qaz həcmləri isə Avropa bazarlarına nəql olunacaq. Qaz yatağında istismarın genişləndirilməsi, Azərbaycanın qaz ixrac coğrafiyasının da genişləndirilməsi deməkdir və layihənin uzunmüddətli stabil həyata keçirilməsində xüsusi rolu var”.
Analitik hesab edir ki, əgər Fransa şirkətinin rəhbəri Prezidentə sözügedən yataqla bağlı təfərrüatlı məlumat veribsə, deməli, tərəflər arasında növbəti mərhələnin razılığı ya əldə olunub, ya da həll yolundadır: “Buradan belə nəticəyə gəlmək olar ki, rəsmi Parislə Bakı arasında ötən ildən kəskin formada davam edən münasibətlər fonunda Azərbaycan ümumən Fransanın siyasətini bölüşmür. Ancaq burada incə bir məqam var, rəsmi Bakı iqtisadiyyatı ziddiyyətli siyasi münasibətlərdən ayırır.
İlin əvvəlində Fransa şirkətinin rəhbəri İlham Əliyevlə görüşəndə özəl şirkət olduqlarını vurğulayaraq dövlət siyasətinə qarışmadıqlarını bəyan etmişdi. “Total” dünyada məhz qaz hasilatı və qaz biznesi üzrə ixtisaslaşan, ilk beşlikdə yer alan texnoloji şirkətdir. “Abşeron” yatağı isə mürəkkəbliyinə görə heç də "Şahdəniz” yatağından geri qalmır. Azərbaycan üçün həqiqətən texnoloji üstünlükləri olan bir şirkət lazımdır.
2022-ci ilin oktyabrında Fransa prezidenti Emanuel Makron telekanala müsahibəsində Avropa ölkələrinə səslənərək - “Biz Azərbaycandan nə neft, nə də qaz alırıq, siz də almayın” bəyanatı ilə çıxış etmişdi. Əgər Azərbaycan “Total” şirkəti ilə “Abşeron”un növbəti mərhələsində birgə addımlamaq qərarı verərsə, bu, rəsmi Bakı tərəfindən Makronun fikrini darmadağın edən ən güclü gediş olacaq”.
İlham Şaban görüşdə ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialının müzakirə olunduğuna da diqqət çəkib:
“Azərbaycanda alternativ və bərpaolunan enerji üzrə ümumən iki layihə icra olunur. Üçüncü şirkətlə Azərbaycan Energetika Nazirliyi arasında kommersiya sazişi imzalanıb. Məndə olan məlumata görə, bu şirkət Azərbaycanda alternativ enerji mənbələrindən elektrik enerjisi istehsalında maraqlı olduqlarına dair niyyət sazişi imzalayıb. “Total”ın bu sahəyə maraq göstərməsi ənənəvi enerji daşıyıcılarının hasilatı üzrə ad çıxarmış “BP”dən sonra ikinci şirkət ola bilər. Ümid edək ki, bu, kommersiya sazişinə çevriləcək. Niyyət başqa bir şeydir, ancaq tərəflərin hüquqi öhdəlik götürüb nəyisə icra etməsi üçün müəyyən zaman lazımdır”.