Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "TotalEnergies" şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
"TotalEnergies" şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən birgə layihələr və bərpa olunan enerji istehsalı üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - nazir bildirib.
Qeyd edək ki, bu gün "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilir. "TotalEnergies" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə Bakının təqribən 100 km cənub-şərqində yerləşən "Abşeron" qaz-kondensat yatağının işlənməsinin birinci fazası çərçivəsində hasilatın başladığını açıqlayıb.
İlkin qiymətləndirmələrə görə, yatağın ehtiyatları təqribən 300 milyard kubmetr təşkil edir.
İstehsal gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensatdır. Qaz Azərbaycanın daxili bazarında satışa çıxarılacaq.