22 Sentyabr 2023 17:10
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin icmal büdcənin proqnozunu və Ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin ilkin layihəsini açıqladı.

Sənədə əsasən, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 33 milyard 765 milyon manat, xərclərinin isə 36 milyard 355 milyon manat olacağı gözlənilir. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,4 faiz və 0,7 faiz azdır. Nəticədə dövlət büdcəsində 2 milyard 590 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,3 faiz azdır.

Eyni zamanda növbəti il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 60 ABŞ dolları götürülüb. Bu, 2023-ci illə eynidir.

5 illik ənənəyə sadiq qalaraq manatın məzənnəsi sabit saxlamaq proqnozlaşdırılır. Belə ki, növbəti ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalacaq.

Bundan əlavə, 2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 38 milyard 578,1 milyon manat, xərclərinin isə 41 milyard 956,8 milyon manat olacağı gözlənilir. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 10,4 faiz az və 1,7 faiz çoxdur.

Son nəticədə icmal büdcədə 3 milyard 378,7 milyon manat kəsir yaranmalıdır. Xatırladaq ki, builki proqnoz 1 milyard 790,3 milyon manat qalıqdır.

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsini bir neçə çağırışlar üzrə hazırlayıb.

İqtisadçı deyir ki, yeni büdcədə 2022-2026-cı illər üzrə inkişaf proqramı ilə yanaşı, Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı da nəzərə alınıb: “2024-cü il üzrə xərclər üzrə siyasətin əsas istiqamətlərini sosial-iqtisadi inkişafa dair milli prioritetlərin icrası, Böyük qayıdışa dair birinci dövlət proqramının icrası, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.

İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula (ÜDM) nisbət göstəricisinin yuxarı həddi 2023-cü ilin sonuna 25 faiz, 2026-cı ilin sonuna 17,5 faiz, dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi isə 20 faiz səviyyəsində müəyyən edilib. Mahiyyətcə çalışırlar ki, qeyri-neft sektorundan gələn gəlirlərlə xərclər arasındakı kəsirin ÜDM-ə nisbəti və faiz parametri azalsın”.

Analitik qeyd edir ki, növbəti ilin dövlət büdcəsində neft sektorundan daxilolmaların azalması, qeyri-neft sektorunun isə artacağı gözlənilir: “İqtisadi artımın əsas drayveri qeyri-neft sektoru olacaq. Proqnoza görə, 2024-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 41,1 faizini və ya 13 milyard 865 milyon manat təşkil edəcək. Bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 11 milyard 22 milyon manat və ya 7,5 faiz azdır. Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 781 milyon manatı və ya 37,9 faizi Dövlət Neft Fondundan transfertin, 5900,0 milyon manatı və ya 17,5 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 831,0 milyon manatı və ya 2,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 388,0 milyon manatı və ya 1,2 faizi isə sair gəlirlərin payına düşür.

Fondun transfertindən əlavə, növbəti ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 23,7 faizini və ya 3975,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək.

Növbəti ildə qeyri-neft/qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini vergi, 34,7 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,9 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,3 faizini sair gəlirlər təşkil edəcəkdir. Başqa sözlə, qeyri-neft/qaz sektorundan daxilolmanın büdcədə daha üstün paya sahib olacağı gözlənilir.

2024-cü ilin büdcəsində neft-qaz sektorundan büdcəyə daxilolmanın aşağı düşməsi gözlənilir. Bunu nəticəsini gedişat göstərəcək.

Ümumilikdə növbəti ildə büdcəyə daxil olan vergi, gömrük və digər mənbələrdən toplanan rüsumlar, eləcə də Neft Fondundan transfertin həcmi demək olar ki, cari ilə uyğun bir rəqəmlərdir. Yəni çox da ciddi fərqlənmir”.

Xalid Kərimli deyir ki, növbəti ildə dövlət büdcəsinin 62,2 faiz, yəni 22 milyard 622 milyon manatı cari xərclərə yönələcəyi proqnozlaşdırılır: “Bu o deməkdir ki, Neft Fondu olmasa, Azərbaycan büdcəsinin gəlirləri onun cari xərclərini qarşılamayacaq. Nəzərə almaq lazımdır ki, hələ də Neft Fondundan götürülən pulların bir hissəsi cari xərclərin ödənməsinə sərf olunur. Cari xərclər dedikdə - əməkhaqqı, sosial ödənişlər, dövlət orqanlarının və şirkətlərinin saxlanması nəzərdə tutulur. Növbəti ilin dövlət büdcəsində ciddi fundamental məsələlər yoxdur. Buna 2023-cü ilin davamı kimi də baxa bilərik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər