“Yeni üsullarla inflyasiyanın və onun yaratdığı problemlərin öhdəsindən gələcək bir proqram həyata keçiririk”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının Türkiyə Böyük Millət Məclisində (TBMM) qrup toplantısındakı çıxışında deyib.
“Çox geniş bir sahədə öhdəliklərimizin olduğunu bilirik. Bu səbəbdən polemikadan uzaq dururuq. Son zamanlar insanlarımızı ən çox incidən şey, şübhəsiz ki, bahalıqdır. Yüksək inflyasiyanın səviyyəsi bütün dünya üçün problemdir. İnflyasiyanı və onun yaratdığı problemləri yeni yol və üsullarla aradan qaldıracaq bir proqram həyata keçiririk” – deyə, Ərdoğan qeyd edib.
Prezident təqaüd və əməkhaqqılarına birdəfəlik ödənişlərin olacağı anonsunu da verib: “Təqaüdçülərimizin yaşadıqları çətinlikləri müəyyən qədər də olsa, yüngülləşdirmək üçün 5 min türk lirəsi (307 AZN) birdəfəlik müavinət verilməsi qərara alınıb. İlin əvvəlində həm əməkdaşlarımızın, həm də təqaüdçülərin maaşları ilə bağlı yeni tənzimləmələr edəcəyik”.