ABŞ-ın beş ən böyük və gəlirli bankı işçilərinin sayını kəskin şəkildə azaldıb.
Teleqraf.com xəbər verir ki, ABŞ bankları 2023-cü il ərzində ümumilikdə işçilərin sayını 20,000 nəfər azaldıb.
Aparıcı maliyyə xidmətləri təşkilatı “Janney Montgomery Scott”un tədqiqat direktoru Kris Marinac bildirib ki, banklar mümkün olduğu yerlərdə xərcləri azaldır, çünki gələn il üçün durum qeyri-müəyyəndir:
“Korporativ və istehlak kreditləri üzrə artan defoltlarla üzləşən kreditorlar gələn il daha dərin ixtisar etməyə hazırlaşırlar. Onlar qazancların daha da düşməsinin qarşısını almaq və əlavə kredit ehtiyatı üçün rıçaqlar tapmalıdırlar. Yanvar gələndə bir çox şirkətin bu mövzuda danışdığını eşidəcəyik”.
Məlumata görə, ən çox işdən çıxarma “Wells Fargo”da qeydə alınıb. İxtisarlar bankın bu ilin yanvarında strateji olaraq ipoteka biznesindən uzaqlaşdığını elan etməsindən sonra baş verib.