İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-İtaliya İşgüzar Görüşü keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox şirkətin nümayəndəsi iştirak edib. Bakı Biznes Mərkəzində keçirilmiş işgüzar görüşdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan və İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir, əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlər əhəmiyyətli rol oynayır. Ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və 2014-cü ildə bu barədə müvafiq bəyannamə imzalanıb. Azərbaycan və İtaliya arasında fəaliyyət göstərən Hökumətlərarası Komissiya, müştərək qurumlar, keçirilən biznes forum və işgüzar görüşlər əməkdaşlığın genişlənməsinə töhfə verir. İndiyədək İtaliya ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair ümumilikdə 30 sənəd imzalanıb. İtaliya 7 il davamlı olaraq Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İtaliya tərəfindən Azərbaycanda əsas kapitala 482 milyon dollar investisiya qoyulub. Hazırda Azərbaycanda 66 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir. Ölkələrimiz müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq edir. İtaliyan şirkətləri “Şahdəniz 2”, CQBK və “Star” layihələrinin kontraktorlarındandır. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İtaliyan şirkətləri ilə 800 mln. kubmetr qaz-alqı satqısı sazişi imzalanıb. Azərbaycan Hökuməti və SOCAR tərəfindən birlikdə həyata keçirilən “Star” layihəsi çərçivəsində “SACE Groupdan” 600 mln. dollar məbləğində maliyyə əməkdaşlığı həyata keçirilib. Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, ticarət, investisiya, yüngül sənaye, tranzit və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. İndiyədək ölkələrimiz arasında 14 biznes forum və işgüzar görüşlər keçirilib. Biznes forumlar, işgüzar görüşlər və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlər iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır və bugünkü işgüzar görüş də iş adamları arasında əməkdaşlığın inkişafına müsbət töhfə verəcək.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin siyasi və makroiqtisadi sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu vurğulayıb.
Naibə QURBANOVA