Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Asiya İnkişaf Bankından (AİB) olan nümayəndə heyəti ilə görüş keçirilib.
Teleqraf.com-un məlumatına görə, görüşdə ASA-nın sədri Orxan Bayramov, qurumun hüquqşünası Cavid Məhərrəmov, AİB-in sığorta üzrə beynəlxalq eksperti Arman Oza, Bankın Azərbaycan üzrə eksperti İlkin Nəzərov iştirak edib. Tərəflər Azərbaycanda sığorta bazarının vəziyyəti, mövcud problemlər, bu sahənin inkişaf etdirilməsi, ASA-nın bu istiqamətdə gördüyü işlər barədə müzakirələr aparıb.
Yeni sığorta məhsullarının, o cümlədən bank təminatlı məhsulların yaradılması, satış səviyyəsinin artırılması üçün yeni inkişaf və kommunikasiya kanallarının axtarılması, mikromaliyyə maliyyə qurumlarının sığorta bazarına cəlb olunması üçün onlarla danışıqların aparılması məsələləri də nəzərdən keçilir.
Həmçinin görüşdə ölkəmizdə mikrosığortanın yaradılmasına və inkişaf etdirilməsinə dair addımların atılması, texniki dəstəyin verilməsi də müzakirə obyekti olub. Nəzərdə tutulub ki, bu ilin iyul ayında Bakıda keçiriləcək “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nda (“AİİF-2015”) mikrosığorta ilə bağlı da müzakirələr və seminarlar təşkil edilsin.
Naibə QURBANOVA