Azərbaycan manatının devalvasiyası ilə bağlı xarici valyutaya tələb, eləcə də valyuta bazarında dövriyyənin həcmi, avro, dollar əməliyyatları artıb. Əhaliyə satılan nağd valyutanın həcmindəki artım 2,6 dəfədən çoxdur.
Bu barədə Mərkəzi Bankın Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov “G20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni iqtisadi əməkdaşlıq imkanları” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışında deyib.
A.Ələsgərov bildirib ki, birinci rübdə Azərbaycanın xarici ticarət dövriyyəsi 19 faiz, ixrac 37 faiz azalıb. Bu azalma neft məhsulları üzrə olub. Ticarət dövriyyəsində azalma ilə yanaşı, ölkəyə gələn pul baratlarının həcmində də azalma qeydə alınıb.
“Dünya ticarətində azalma müşahidə edilir və bu, Azərbaycandan da yan keçməyib. Fevralda aparılan milli valyutanın devalvasiyasına baxmayaraq, ölkədə inflyasiya məqbul səviyyədə qalıb. Devalvasiya son illər müşahidə olunan manatın möhkəmlənməsini neytrallaşdıra bilib”, - deyə A.Ələsgərov diqqətə çatdırıb.