Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Biznes inkubatoru səmərəliliyinin yüksəldilməsi” mövzusunda “dəyirmi masa” təşkil olunub.
İqtisadiyyat və Sənaye Nazirliyindən Teleqraf.com-a bildirilib ki, tədbirdə nazirliyin, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələri, eləcə də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun iştirakçıları təmsil olunublar.
Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb.
İqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun inkişafının, rəqabətqabiliyyətli məhsul istehsalının prioritet istiqamətlərdən olduğunu qeyd edən E.İbrahimov bu sahədə özəl sektorun xüsusi rolundan söz açıb, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib.
Qeyd edilib ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. İndiyədək 4188 gənc sahibkara 296 milyon manat həcmində güzәştli kreditlәr verilib. Bundan başqa, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif maarifləndirmə tədbirləri keçirilir, Almaniya-Azərbaycan birgə proqramı çərçivəsində sahibkarlar və gənc menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. 2009-2014-cü illərdə 220 sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib. Görülmüş işlərin nəticəsidir ki, son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında gənclərin sayı artır.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov Xaçmazda biznes inkubatorun yaradılmasının sahibkarlığın inkişafına göstərilən növbəti dəstək tədbiri olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, 2014-cü ilin sentyabrın 10-da fəaliyyətə başlamış biznes inkubatorda iştirakçılar üçün birinci mərhələdə biznes ideyaların işlənib hazırlanması məqsədi ilə 3 ay müddətində treninqlər keçirilib və bununla birinci mərhələ başa çatıb.
Bu ilin yanvar ayından isə biznes inkubator iştirakçıları üçün ikinci mərhələdə biznes ideyaların həyata keçirilməsi məqsədi ilə məsləhət xidmətlərinin göstərilməsinə başlanılıb. Məsləhət xidmətlərinin aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri tərəfindən 8 ay ərzində göstərilməsi nəzərdə tutulur. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator iştirakçıları üçün bu xidmətlər yanvar-aprel ayları ərzində İqtisadiyyat və Sənaye, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və “Azersun Holding” MMC-nin nümayəndələri tərəfindən göstərilib.
Hazırda isə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri tərəfindən biznes inkubatorda məsləhət xidmətləri göstərilir. Biznes inkubatorun fəaliyyətinə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də cəlb edilib. Biznes inkubatorlar ölkənin digər iqtisadi rayonlarında da yaradılacaq və bu sahədə biznes əlaqələrinin təşkilinə gələcəkdə də dəstək göstəriləcək.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələri gənc sahibkarlara dövlət dəstəyi mexanizmləri, innovativ və perspektivli biznes sahələrinin kreditləşdirilməsi barədə məlumat verərək, biznes inkubatorda yaradılacaq yeni biznes subyektlərinin iqtisadi rayonun sosial-iqtisadi inkişafına töhfə verəcəyini vurğulayıblar.
Tədbirdə çıxış edən biznes inkubatorun iştirakçıları ölkədə sahibkarlığın inkişafına göstərilən dəstəyə, həyata keçirilən innovativ yönümlü tədbirlərə görə dövlətimizin başçısına təşəkkür edərək, biznes inkubatorun gənclərin məşğulluğunun artırılmasında, gənc sahibkarların inkişafında əhəmiyyətini önə çəkiblər.