5 İyun 2015 10:45
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov

Bu vaxta qədər oxuculara I Avropa Oyunları və bu mötəbər tədbirdən ölkəmizin götürəcəyi dividentlər barədə bir neçə yazı təqdim etmişik. Təqdimatımız həm ökə, həm də xarici mətbuatı əhatə edib. Odur ki, bu dəfə yarışların iqtisadi səmərəsi haqqında danışmaq fikrində deyilik. Hesab edirik ki, vətəndaşlar bu Oyunların mahiyyəti, ölkəmiz üçün əhəmiyyəti və dövlətimizin hansı iqtisadi və siyasi üstünlüklər əldə edəcəyi barədə kifayət qədər geniş bilgilərə sahibdirlər. Lakin çox təəssüf ki, zədəli təfəkkürə malik bəzi “siyasətçilər” irimiqyaslı infrastruktur layihələrinə, dəqiq və qusursuz reallaşdırılmış təşkilati işlərə kölgə salmaq məqsədilə iyrənc vasitələrə əl atır və bununla dövlətə və onun maraqlarına zərbə vurmağa çalışırlar. Bu yazıda belə “ziyanvericilər” dəstəsinin üzdə olanları və irəlidə gedənlərindən söz açmaq niyyətindəyik.

***

Bir neçə gün öncə informasiya portallarının birində maraqlı ifadə gözümüzə dəydi – “Qəmbər yenidən müxalifətə qayıtdı”. Müsavat Partiyasının I Avropa Oyunlarının boykot olunması ilə bağlı xarici ölkə başçılarına ünvanladığı müraciətin nəticəsi olaraq ortaya çıxmış bu ifadə əslində bitmiş bir siyasət adamının idman yarışlarından bəhrələnərək “reanimasiya” otağından heç olmasa palataya keçməyə cəhd göstərdiyinə dolayı bir işarə idi... Azərbaycanın ümumən tarixində ilk dəfə qəbul etdiyi belə bir nəhəng idman tədbirinə “yox” deyəcək qədər namərdliyə yuvarlanmış adam(lar) fərqinə də varmadı ki, Azərbaycana qarşı bu sayaq davranışlara heç düşmənlərimiz də getmədi. Müsavatın (əslində İsa Qəmbərin) hazırladığı müraciətə oxşar bir bəyanatı işğalçı mahiyyətinə malik, hər fürsətdə dövlətimizə zərbə vurmağa çalışan, torpaqlarımızı zəbt edən ermənilərin dilindən kimsə eşitdimi? Yox, onların dedikləri, onların qərəzi, İsa Qəmbərin mahiyyət etibarı ilə dövlətə qəsd anlamı daşıyan müraciətilə müqayisə oluna bilməz. Prezident İlham Əliyevin vaxtı ilə dediyi kimi, “on illərdir müxalifətdə boşuna çabalayan və artıq naftalin iyi verən” bu uğursuz siyasətçi “əlinə düşən ilk fürsətdə” dövlətin kürəyinə bıçaq saplamaq bacarığını “peşəkarlıqla” ortaya qoydu. Ancaq o və onun düşüncə tərzinə yaxın olanlar bircə məsələni unudurlar ki, bu xalq artıq çoxdan 80-ci illərin axırlarında və 90-cı illərin əvvəllərində olduğu kimi sadəlövh deyil. Onların yalanına, uydurmalarına daha heç kəs inanmır. Azərbaycan adamı artıq realist düşüncə tərzinin daşıyıcısına çevrilib və çoxdandır ki, qulağı ilə eşitdiklərinə yox, gözü ilə gördüyü gerçəyə inanır. İnandığı nə varsa onun arxasınca gedən bu xalqı tamamən uyğunlaşdığı, birmənalı şəkildə dəstəklədiyi ictimai-siyasi və sosial-iqtisadi sistemdən uzaqlaşdırmaq mümkün deyil. Qəmbər və onun kimiləri nəhayət anlamalıdırlar ki, insanları boş vədlərlə aldadıb istədikləri istiqamətə yönəltmək “epoxası” çoxdan bitib. 80-ci illərin sonu və 90-cı illərin əvvəlində işlədilən “priyomlar” daha keçərli deyil və bu “priyomlar” indi olduqca primitiv görsənir...

Bu gün Azərbaycan qitənin Olimpiya Oyunlarının ƏLİFBASINI yazır. Bundan sonra 100 illər boyu keçiriləcək bu Oyunlar öz başlanğıcını Azərbaycandan götürəcək. Necə ki, bu gün Olimpiya Oyunları dedikdə tarixin izi bizi təkcə 1896-cı ildə ilk Olimpiya Oyunlarını qəbul etmiş Afinaya deyil, həm də qədim Yunanıstana aparır. İllər ötəcək və Avropa Oyunları dedikdə Bakı da, Azərbaycan da beləcə xatırlanacaq, bütün mənbələrdə ölkəmizin adına rast gəlinəcək. Başlanğıcda qoyulacaq nümunələr isə çoxdur. Ən böyük nümunə isə başqalarının 2500 günə çətinliklə ərsəyə gətirdiyi işi Azərbaycanın 700 günə ən yüksək səviyyədə həyata keçirməsidir...

Müasir dünyada informasiya-təbliğat mübarizəsi artıq çoxdan bütün mübarizələrin önünə keçib... Bu işi daha effektli və daha dəqiq qura bilən tərəf bütün mübarizələrdə qalibdir. Tarixi təcrübədən çıxış edərək buna yüzlərlə misallar da göstərə bilərik. Ən bariz “nümunə” isə son 100 ildə türklərin əhəmiyyət vermədiyi, ermənilərin isə ciddi-cəhdlə bütün dünyaya təbliğ etdiyi uydurma “erməni soyqırımı”na az qala dünyanın yarısını inandıra bilməsidir... Nə qədər ağrılı olsa da, bu belədir. Budur təbliğatın gücü. Dövlətçilik ənənəsi yüz illərlə ölçülən, dünyada kifayət qədər tanınan və söz sahibi olan ölkələr belə mötəbər idman yarışlarına ev sahibliyi etmək üçün dəridən-qabıqdan çıxırlar. Son iki yay Olimpiya Oyunlarına ev sahibliyi etmiş Çin və İngiltərə buna əyani misaldır. Çini dünyada kim tanımırdı? İngiltərə barədə kimin məlumatı yox idi? Hamı tanıyır bu ölkələri, dünyada söz və nüfuz sahibidirlər. Amma buna baxmayaraq, Olimpiya Oyunlarına ev sahibliyi etmək, ölkələrinin təbliğatını aparmaq üçün mübarizəyə baş vurub istədiklərinə nail oldular. Azərbaycan isə Çin və İngiltərə ilə müqayisədə çox gəncdir, dünyada o qədər də tanınmır. Bir dövlət olaraq iqtisadi, siyasi uğurlarımıza təzə-təzə imzalar atırıq. Odur ki, Avropa Oyunları kimi qitə yarışlarına ev sahibliyi etmək Azərbaycanın tarixi nailiyyətidir desək, qətiyyən yanılmarıq. Ölkəmizin təbliğatına çəkilən xərclər bizi narahat etməməlidir, çünkü bundan ancaq xeyir götürəcəyik. Təbliğata çəkilən xərc heç vaxt səmərəsiz olmur. Bu xərc valideyn tərəfindən övladın təhsilinə yatırılan kapitalın verəcəyi uzunmüddətli səmərə kimi illər sonra öz effektini göstərir. Biz bu yolda hələ çox işlər görməliyik. Çünkü dövlətimzin böyük hədəfləri var!

Bu gün ölkəmizdə böyük idman bayramının ab-havası yaşanır. İnsanlar QÜRUR hissi keçirirlər. Yeni bir tarixin yazıldığı ölkənin vətəndaşları kimi hamımız fərəhlənir və 7 gündən sonra başlanğıc götürəcək I Avropa Oyunlarının uğurla başa çatması üçün verə biləcəyimiz töhvəni əsirgəməməliyik. Bu gün təkcə televiziya aparıcılarının deyil, hər birimizin əynində “Bakı 2015” yazılmış köynəklər olmalıdır. Qoy hamı görsün ki, Azərbaycan idman ölkəsidir, dostluğa, qardaşlığa sadiqdir. Qoy hamı görsün ki, biz sülh istəyirik, dövlətimizə, xalqımıza bağlıyıq və təsadüfi olaraq tolerantlığın və multikultralizmin mərkəzinə çevrilməmişik. Qoy görsünlər ki, dövlətimizin başçısının yüksək bacarığı və qətiyyəti hər birimizdə ruh yüksəkliyi yaradır... Qoy görsünlər ki, biz bu mötəbər yarışların yüksək səviyyədə təşkilinə misilsiz töhfələr verən birinci xanıma “çox sağ olun” deyə bilirik...


Müəllif:

Oxşar xəbərlər