Dünya bazarlarında neftin qiymətlərinin bir ildən bir qədər artıq vaxt ərzində iki dəfəyə qədər aşağı düşməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrdə ciddi problemlər yarada bildi. Sözsüz ki, neftin qiymətlərində yaranmış dəyişiklik fonunda Azərbaycanın dövlət büdcəsi də müəyyən təsirlərə məruz qalmalı idi. Bu yazıda da elə büdcənin 6 aylıq icra vəziyyətini təhlil etməyə çalışacağıq. Lakin əvvəlcə büdcə ilə bağlı mətbuatda gözə dəyən bəzi hay-küylü “şərhlərin” üzərində dayanmağımız da yerinə düşər.
***
Müstəqilliyimizin ilk dövrlərində dövlət büdcəsinin icrasına rəhbərlik etmiş bir şəxs kimi deyə bilərəm ki, digər neft ölkələrlə müqayisədə Azərbaycan mövcud durumun yarada biləcəyi bütün çətinlikləri arxada qoyacaq dəqiq maliyyə siyasəti apara bildi. Hökumət büdcənin icrasını düzgün olaraq balanslaşdırma prinsiplərinə söykənərək təmin etdi. Vəziyyət heç də bəzi “ekspertlərin” büdcə gəlirlərinin 6 aylıq faktiki icra göstəricilərini 2015-ci ilin illik proqnoz göstəriciləri ilə müqaisə edib, “hökumət bu ilin 6 ayında büdcəyə gəlirlərin 40%-ni təmin edib” deməklə insanlarda çaşqınlıq yaratmaq istəyənlərin “düşündükləri” kimi deyil. Yaxşı olardı ki, bu “ağıllı təhlilçilər” cari ilin 6 aylıq büdcə gəlir və xərclərinin faktiki icrası üzrə göstəriciləri illik proqnoz göstəriciləri ilə deyil, 6 aylıq proqnoz göstəriciləri ilə müqaisə edəydilər. Əslində büdcənin icrasına qiymət vermək istəyən ağıllı adamlar bu məntiqdən çıxış etməlidi (Belədə cəmiyyətə “büdcə 40% icra olunub” kimi hay-küylü açıqlamalar ötürmək mümkün olmazdı). Belələrinə bəzi məqamları anlatmaq məcburiyyətindəyik. Bu “ekspertlər” bilməlidirlər ki, illlik proqnozların rüblər üzrə bölgüsü heç də onların düşündüyü kimi rüblər üzrə bərabər formada aparılmır və bu heç vaxt belə olmayıb. İlin birinci rübünün proqnozları (həm gəlirlər və həm də xərclər üzrə) bir qayda olaraq ilin sonuncu rübünün proqnozlarından aşağı nəzərdə tutulur. Rüblər üzrə proqnozlaşmaya bu cürə yanaşmanın obyektiv səbəbləri var. Təssüf ki bu səbəblərin tam izahını qısa bir yazıda vermək mümkün deyil. Odur ki, kimə lazım olsa təşkilatımızın qapıları onların üzünə açıqdır, buyurub müraciət etsinlər, biz onlara həmin məsələlərlə bağlı əsaslandırılmış izahatlar verməyə hazırıq.
***
Dövlət büdcəsinin 6 aylıq icrası onu göstərdi ki, neft qiymətlərinin 2 dəfə aşağı düşməsinə, büdcədə neftin qiymətinin 90 ABŞ dolları nəzərdə tutulmasına və bu gün həmən qiymətin 55 dollar ətrafında olmasına baxmayaraq, büdcənin icrasında insanlarımızı rahatsız edə biləcək heç nə baş verməyib. Əksinə, büdcə gəlirlərinin 6 aylıq icrası bir daha sübut etdi ki, Azərbaycan hökumətinin ölkədə qeyri-neft sektorunu əsaslı şəkildə inkişaf etdirməyə dair müəyyən etdiyi kurs heç nədən asılı olmayaraq uğurla həyata keçirilir. Baxın büdcəyə, 6 ay ərzində Vergilər Nazirliyinin xətti ilə yığılan - qeyri neft sektoruna aid daxilolmalar keçən ilin eyni dövrü ilə müqaisədə 11,4% artıb. Bu rəqəm Nazirlər Kabinetinin iyul ayının 13-də keçirilmiş cari ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Prezidentin səsləndirdiyi fikirlərin faktiki sübutudur: “Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”. Doğrudan da dünya bazarlarında neftin qiymətlərinin kəskin aşağı düşdüyü bir şəraitdə bir neft ölkəsi olaraq əldə etdiyimiz bu nəticələr Prezidentin dediyi kimi, tarixi naliyyətlərdir.
***
2015-ci ilin ilk 6 ayında dövlət büdcəsinə 7 milyard 714,4 milyon manat proqnoza qarşı 7 milyard 807 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoz göstəricilərinin 101,2 faiz yerinə yetirilməsi deməkdir. Hesabat dövründə büdcənin xərc hissəsi 85% icra edilmişdir (10 milyard 92 milyon manat proqnoza qarşı 8 milyard 578 milyon manat). Dövlət büdcəsinin gəlir və xərcləri arasında fərq 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş 771 milyon manat profisit hesabına maliyyələşdirilib. Proqnozla nəzərdə tutulduğundan 1 milyard 514 milyon manat az vəsait xərclənməsi təbii ki, neftin qiymətlərinin dünya bazarlarında kəskin şəkildə aşağı düşməsi səbəbindən hökumətin daha ehtiyatlı davranaraq büdcədə nəzərdə tutulmuş bəzi müdafiə olunmayan xərclərə qənaət rejimini tətbiq etməsi ilə bağlıdır. Yaranmış vəziyyətdə bu çox düzgün addımdır. Yazılmış təsnifatla büdcə xərcləri müdafiə olunan və müdafiə olunmayan xərclərə bölünsə də əslində büdcədə həmişə 2-ci və 3-cü dərəcəli xərclər kateqoriyasına aid edilə biləcək xərclər mövcuddur və lazım gəldikdə onlara qənaət edilməsi praktikasna hər bir ölkədə rast gəlmək olar. Bir sözlə, nəzərə aldıqda ki, neftin qiymətləri bir il bundan əvvəlkinə nisbətən 2 dəfə, büdcədə nəzərdə tutulan bir barel üçün 90 dollar səviyyəsindən isə 35-40% aşağı düşüb, deməli, hökumətin büdcə xərclərinə cəmisi 15% qənaət etməklə onun icrasını təmin edə bilməsi ancaq təqdir olunmalıdır. Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, ötən hesabat dövrü ərzində büdcədə nəzərdə tutulan sosial proqramların reallaşdırılması və müdafiə olunan xərclərin maliyyələşdirilməsi sahəsində heç bir çətinlik olmamışdı. Əksinə, Nazirlər Kabinetin son toplantısında əhalinin mənzil şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Prezident ipoteka kreditləşməsinə büdcədən əlavə olaraq 200 milyon manat ayrılmasını tövsiyyə etdi. Altı ay ərzində 3000-ə qədər sahibkar bu sahənin inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 100 milyon manata qədər güzəştli kreditlər alıblar.
Qoy “büdcə 40% icra olunub”, “hökumət yeni maliyyə mənbələri axtarır” deyib hökumətin guya bu səbəbdən öz mülküyyətində olan Neft Şirkətinin və başqa təşkilatların səhmlərini satışa çıxara biləcəyini düşünənlər bu təhlili oxuyub özləri üçün nəticə çıxarsınlar və anlasınlar ki, siyasi motivlərə söykənən bu cür ucuz çağrışlarla heç bir nəticə əldə edə bilməyəcəklər.
Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırnalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor