Mərkəzi Bankın nəzdində yaradılmış Azərbaycan İpoteka Fondu 9 ildir ehtiyacı olan əhali qruplarına ipoteka kreditləri ilə mənzil verir. İndiyədək 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib.
Oktyabrın 27-də Prezident İlham Əliyev Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə “Azərbaycan İpoteka Fondu” (AİF) Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılması ilə bağlı Fərman verdi. Sənəddə bildirilir ki, bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənmir. Həmin tələbatın ödənməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirməyə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.
Ekspertlər hesab edir ki, icraya yönəldikdən sonra Fərmanın mənzilə ehtiyacı olan vətəndaşlar üçün böyük əhəmiyyəti olacaq.
İnsanların sosial problemləri maksimum həll edilə bilər
“MBA” Konsaltinq və Qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimov deyir ki, AİF-ə açıq səhmdar cəmiyyət kimi müstəqillik verilməsi onun manevr imkanlarını genişləndirəcək: “Azərbaycanda mənzil bazarının həcmi 2,4 milyard manata yaxındır. İpoteka Fondunun isə bazarda payı cəmi 5 faizdir. Səlahiyyətlər verildikdən sonra İpoteka Fondunun mənzil bazarında rolu artacaq.
Fərmanın ikinci əhəmiyyəti odur ki, həm tikintiyə icazə, həm tikintinin istismara qəbul olunması prosedurları, həm də məlumatlandırma icraatı qaydası maksimum sadələşdiriləcək ki, mənzillərin sənədləşdirilməsində heç bir problem olmasın. Bununla İpoteka Fondunun imkanları daha böyüyəcək. Yəni İpoteka Fondunun mənzilə tələb, digər qurumların isə təklif artırma imkanları genişlənəcək. Fərman maksimum dərəcədə insanların sosial problemlərinin həllinə yönəlib".
Fərmanda ASC-nin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanəti verilməsi şərtləri və mexanizmini bir ay ərzində müəyyən edib Prezidentə məlumat vermək tapşırılıb.
Nüsrət İbrahimovun sözlərinə görə, İpoteka Fondu Səhmdar Cəmiyyətə çevrildikdən sonra nizamnamə kapitalı dəyərində səhm buraxmaq səlahiyyətinə malik olacaq: “Bu Səhmdar Cəmiyyət bazara 200 milyon manatlıq qiymətli kağız, yəni səhm buraxa bilərsə, bunun bir hissəsini satmaqla bazara vəsait cəlb edər, onun da bir hissəsini kreditə yönəldər. Bununla qazanc götürər”.
Manatın məzənnəsi stabil qalmasa da...
Ekspert hesab edir ki, İpoteka Fondunun vəsaitləri manatla yerləşdirildiyinə görə ipoteka krediti ilə mənzil götürən şəxs iqtisadi böhran baş verəcəyi təqdirdə heç bir riskə getmir, əksinə, bu proses onun xeyrinə olur: “Tutaq ki, vətəndaşın götürdüyü ipotekanın həcmi 50 min manat civarında idisə, devalvasiyadan, yəni dolların kursunun manata nisbətən artmasından sonra ödənəcək məbləğ azalır”.
Nüsrət İbrahimov indiki halda manatının məzənnəsinin stabil qalacağına əminliyini bildirdi: “Mərkəzi Bankın ilkin funksiyası odur ki, manatın məzənnəsini stabil saxlasın. Hesab edirəm ki, manatın məzənnəsinin aşağı düşməsi hələ ki, gözlənilən deyil”.
Hazırda ipoteka kreditləri ilə mənzil verilməsində Bakı şəhərinin 70 faiz payının olduğunu deyən ekspert onu da vurğuladı ki, Fərman regionlarda yaradılmış imkanlardan maksimum istifadəni nəzərdə tutur: “Bir məsələ var ki, şəhərdə mənzilsizlərin sayı daha çoxdur, nəinki regionlarda”.
Ekspert bildirdi ki, ipoteka kreditlərinin ödənməsində 3 vacib şərtdən ikisinin ödənməsinə Fərmanın icrası əlverişli şərait yarada bilər: “İpoteka kreditlərində ilkin ödəniş faizləri, faiz dərəcəsi və maksimum məbləğ vacib şərtlərdəndir. Hazırda maksimum məbləğ 50 min manatdır və hesab edirəm ki, bu məbləğ yetərlidir.
Amma adi ipotekanın faiz dərəcəsinin 8 faizdən 6 faizə, güzəştli ipotekanın isə 4 faizdən 3 faizə endirilməsi yaxşı olar. İlkin ödənişin 20 faizdən 15 faizə düşməsi də daha məqsədəuyğundur".
Yaşı ötmüşlər evsizlik üzündən ailə qura bilmir
Əmlak bazarı üzrə ekspert Ramil Osmanov da hesab edir ki, Fərmanın icraya yönəlməsi əhalinin mənzil təminatında xeyli müsbət irəliləyişlər yaradacaq.
İpoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsində kompleks tədbirlərə ehtiyac görən ekspertin fikrincə, hazırda gənc ailələrdən də qabaq aztəminatlı ailələrin mənzil təminatı daha aktualdır: “Mənzil təminatında ən əlverişli variant Sosial Mənzil Fondunun yaradılması və aztəminatlı ailələrə verilməsidir. Əslində hazırda belə proses gedir. SOCAR, BP kimi şirkətlər işçilərə növbəli şəkildə, yaxud daxili ipoteka fondu hesabına mənzil verir. Amma bunlar böyük tələbat qarşısında cüzi addımlardır.
Gənclik yaşını ötmüş, evsizlik üzündən ailə qura bilməyən kifayət qədər insanlar var. Ona görə də bu gün gənc ailələrin mənzil təminatından çox, aztəminatlı ailələrin mənzil təminatı aktual problemdir".
Mənzil fondunun göstəriciləri artıb
Azərbaycanda mənzil fondunun göstəricilərində müsbət irəliləyişlərin olduğunu vurğulayan Ramil Osmanov dedi ki, 2009-cu ildən üzü bəri mənzil fondunun göstəricilərində iki dəfəyə qədər artım müşahidə olunub: “Statistik göstəricilərdə adambaşına düşən mənzilin kvadratı 8-9 kvadratmetr idisə, bu gün həmin rəqəm 18 kvadratmetri ötür. Bu rəqəm özü mənzil tikintisində proseslərin sürətlənməsi əlamətidir”.
Fərmanda ipoteka kreditləri ilə bahalı evlərin alına bilməməsi də öz əksini tapıb. Bundan sonra həm Bakıda, həm də bölgələrdə mənzillərin 1 kvadratmetri üçün orta qiymət müəyyən ediləcək. İpoteka yolu ilə əldə edilən evlər bu qiymətlərdən yuxarı olmamalıdır. Bank mütəxəssisləri hesab edir ki, bu, baş tutsa, əhalinin imkansız təbəqəsinin ipoteka ilə mənzil almaq şansı artacaq.
Sevil Hilalqızı