Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 403,1 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından Teleqraf.com-a verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 5,3% çoxdur.
11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 157,5 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 39,1 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-noyabr aylarında 37,5 manat olub.
Həyat sığortası bazarında yığım 15%, ödəniş 59% artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26,1%-i və yaxud 105,3 milyon manatı həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 14,8% böyüyüb.
Həyat sığortasındakı yığımların 59,2%-i və yaxud 62,3 milyon manatı həyatın yaşam sığortasının, 27,1%-i və yaxud 28,6 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 12,3%-i və yaxud 12,9 milyon manatı həyatın ölüm halından sığortasının, 1%-i və yaxud 1,1 milyon manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3%-i və yaxud 390 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
11 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 42,7 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 27,1%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 59,2% çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 90,6%-i və yaxud 38,7 milyon manatı həyatın yaşam sığortasının, 4,7%-i və yaxud 2 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, yenə 4,7%-i və yaxud 2 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 40,6 manat ödəniş edilib. 2014-cü ilin yanvar-noyabr aylarında bu rəqəm 29,3 manat olub.
Qeyri-həyat sığortası bazarında yığım 2,3% artıb, ödəniş 1,6% azalıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 297,85 milyon manatı və ya 73,9%-i qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 2,3% böyüyüb.
Qeyri-həyat sığortası üzrə yığımların 23,8%-i və ya 70,8 milyon manatı avtomobillərin icbari sığortasının, 21,3%-i və ya 63,4 milyon manatı tibbi sığortanın, 10,4%-i və ya 31 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,9%-i və ya 26,4 milyon manatı kasko sığortasının, 8%-i və ya 24 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 27,6%-i və ya 82,25 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
11 ay ərzində sığorta ödənişlərinin 72,9%-ni və ya 114,8 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,6% azdır.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 40,3%-i və ya 46,3 milyon manatı tibbi sığortanın, 26,3%-i və ya 30,1 milyon manatı avtomobillərin icbari sığortasının, 19%-i və ya 21,8 milyon manatı kasko sığortasının, qalan 14,4%-i və ya 16,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,5 manatı ödəniş edilib. 2014-cü ilin ilk 11 ayında isə bu rəqəm 40,1 manat olub.
Sığorta bazarının 62,5%-i könüllü formalaşıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,5%-i və ya 251,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 1,9% çoxdur.
İcbarı sığorta növlərində yığım isə 151,2 milyon manat və ya bazarın 37,5%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 11,6% böyüyüb.
11 ayda ümumi ödənişin 74,5%-i və ya 117,35 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 11,1% artıb.
İcbari sığorta növləri üzrə ödəniş isə 40,15 milyon manat və ya ümumi bazarın 25,5%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,8% çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 46,6 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə bu rəqəm 42,7 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 28 manatdan 26,5 manata düşüb.
Kasko sığortasında yığım 24%, ödəniş 16% azalıb
2015-ci ilin yanvar-noyabr aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu növ sığortadan toplanan sığorta haqqı 4 dəfə artaraq 2,74 milyon manat təşkil edib. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 87,5% artaraq 700 min manat, işin dayanması ilə bağlı risklərdən sığortada isə 81,6% artaraq 25 min manat olub.
Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 28,3% artaraq 62,3 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 13,5% artaraq 390 min manat, tibbi sığortada 3,4% artaraq 63,4 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 1,9% artaraq 31 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 30,6% artaraq 1,1 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 3,6% artaraq 28,6 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 48,8% artaraq 24 milyon manat, avtomobillərin icbari sığortasında isə 9,2% artaraq 70,8 milyon manat təşkil edib.
11 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 94,8% azalaraq 1,2 min manat təşkil edib. Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1% azalaraq 3,8 min manata, kreditlərin sığortasında isə 48% azalaraq 624 min manata düşüb.
Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 15,2% azalaraq 12,9 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 24,6% azalaraq 7,5 milyon manat, səfər sığortasında 1,4% azalaraq 1,9 milyon manat, avtomobillərin könüllü sığortasında 23,5% azalaraq 26,4 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 12,8% azalaraq 322 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 15,9% azalaraq 122 min təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə kənd təsərürfatı heyvanlarının sığortasında qeydə alınıb. Bu növ sığortada ödəniş 2,5 dəfə artaraq 354 min manat təşkil edib. Bundan başqa, hava nəqliyyatı vasitələrinin sığortasında yığım 2,3 dəfə artaraq 504 min manat, kreditlərin sığortasında isə 83,5% artaraq 134 min manat olub.
Sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 78,7% artaraq 2 milyon manat, həyatın yaşam sığortasında 64,1% artaraq 38,7 milyon manat, tibbi sığortada 4,7% artaraq 46,3 milyon manat, səfər sığortasında 15,9% artaraq 277 min manat, avtomobillərin icbari sığortasında isə 10,6% artaraq 30,1 milyon manat təşkil edib.
11 ay ərzində sığorta ödənişlərinin ən çox azalması isə su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb. Bundan başqa, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə ödəniş 78,8% azalaraq 61 min manat, sağalmaz xəstəliklərtdən sığortada isə 78,1% azalaraq 14 min manat olub.
Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 28,1% azalaraq 1 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 26% azalaraq 5,3 milyon manat, kasko sığortasında 15,6% azalaraq 21,8 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 71,5% azalaraq 160 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 2,5% azalaraq 2 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 38,9% azalaraq 1,1 milyon manat olub.
Naibə QURBANOVA