Azərbaycanda müəyyən siqaretlərin qiymətinin azalması prosesi tütün məmulatlarının digər markalarını da əhatə edə bilər.
Bunu Trend-ə "European Tobacco Baku"nun İdarə Heyətinin sədri Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, bəzi siqaret markalarının qiymətinin azalması onlara tələbatın aşağı düşməsinin nəticəsidir: "Bu siqaretlər baha idi və onlara tələbat azalırdı, buna görə də yekunda onlar ucuzlaşdı. Bahalı siqaretlərə tələbat yenə də azalarsa, bu proses davam edə bilər. Tələbat azaldıqca təklif də azalır. Azərbaycanda liberal iqtisadiyyat var, buna görə də satıcılar tələbatın azalmasına görə məhsulu ucuzlaşdırmaq məcburiyyətindədirlər".
Qeyd edək ki, bu gündən "Winston" və "Kent" markalı siqaretlər ucuzlaşıb. Belə ki, "Winston" siqaretləri daha əvvəl 3,2-3,3 manat idisə, hazırda 2,8 manatdır. "Kent"in qiyməti isə 3,5-4 manatdan 3 manata düşüb.