Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) 2016-cı il 8 fevral tarixli məlumatına əsasən, Gürcüstanın Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Yolçu Xanvəlinin verdiyi məlumata görə, Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və epizootik xəstəliklərdən qorunması məqsədi ilə taun qeydə alınmış Gürcüstanın Varketili ərazisindən, eləcə də risk zonasına daxil olan ərazilərdən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulub: “Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi taun xəstəliyinin ölkəmizin ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün ”Baytarlıq haqqında" qanuna uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edib".
Qeyd edək ki, yanvarın 29-dan Gürcüstanın Varketili ərazisində heyvanlar arasında blutanq (göy dil) xəstəliyinin yayılması ilə əlaqədar DBNX həmin ölkədən diri heyvanların (iribuynuzlu, xırdabuynuzlu və dəvələrin) idxalına da müvəqqəti məhdudiyyət qoyulması haqqında qərar verib.
Yanvarın 11-dən isə İranın 4, Türkiyənin isə 13 bölgəsində iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyi yayıldığı üçün diri heyvan, eləcə də ət və ət məhsullarının gətirilməsi qadağan edilib.
Yolçu Xanvəlinin bildirdiyinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı həmin ölkələrdə vəziyyətin stabilləşməsi haqqında məlumat verməyənədək qadağalar qüvvəsində qalacaq.
Hazırda Azərbaycanda epizootik vəziyyətin sabit olduğunu deyən qurum rəsmisinin sözlərinə görə, ölkəmizdə nə taun, nə göy dil xəstəliyinə rast gəlinib: “Blutanq və digər iti yoluxucu xəstəliklərə görə ölkəmizdə epizootik vəziyyət sabitdir və bu sabitliyə tam nəzarət edilir”.
Adıçəkilən heyvan xəstəliklərinin təhlükəlilik dərəcəsi barədə məlumat verən Yolçu Xanvəli bildirdi ki, göy dil xəstəliyi region üçün yeni xəstəlikdir, postsovet məkanında indiyədək rast gəlinməyib: “Təəssüf ki, qonşu regionlarda artıq bu xəstəlik yayılıb. Ötən il isə Türkiyədə qeydə alınmışdı. Göy dil infeksiyası isitmə, ağız, burun və bağırsağın selikli qişasının iltihabı, dilin şişməsi, skelet əzələlərinin zədələnmələri, dırnağın iltihabı, boğaz heyvanlarda balasalma və bəzən eybəcər bala doğumu ilə səciyyələnir.
Taun xəstəliyi qaramalın taunu septisemiya, yüksək temperatura və selikli qişaların nekrotiki iltihabı ilə səciyyələnən xəstəlikdir. Dabaq da infeksion xəstəlikdir. Ağızdan seliyin axması, dırnaq tacında yaraların əmələ gəlməsi, heyvanın axsamağı əlamətləri ilə özünü büruzə verir. Bu xəstəliyin 7 tipi, 70-ə yaxın növü var".
Taun ilk dəfə Asiya qitəsində, sonralar isə Avropa ölkələrində qeydə alınıb. Xəstəlik ilk dəfə 1711-ci ildə müəyyən edilib. Törədicisinin virus olması isə 1902-ci ildə bir türk alimi tərəfindən kəşf olunub.
Azərbaycanın ərazisində taun xəstəliyi XIII əsrdə monqol-tatarlarının yürüşündən sonra müşahidə olunub. İlk yazılı məlumat isə 1870-ci ilə aiddir. Tarixən İrandan şahsevənlər tayfası Muğanın qış yaylaqlarına küllü miqdarda qaramal, at və milyonlarla qoyun sürüsülə köç edərdilər. Elə bu illərdə də mal-qara taun xəstəliyinə yoluxurmuş. Bununla əlaqədar 1885-ci ildən rus imperatorluğu İrandan Muğan qışlağına mal-qaranın köçünü qadağan etmişdi.
Yolçu Xanvəli dedi ki, göy dil xəstəliyi insana yoluxmur, digər heyvan xəstəliklərinin (o cümlədən heyvan taunu) insanlara yoluxması haqqında elmi ədəbiyyatda məlumat var, amma müasir dövrdə belə fakta rast gəlinməyib.
Qoyulan qadağalar ölkə əhalisinin ət və ət məhsulları təminatında qıtlıq yaratmayacaq? Qurum rəsmisi dedi ki, bununla əlaqədar heç bir narahatlığa əsas yoxdur: “Adətən, Gürcüstandan heyvanlar diri şəkildə idxal edilir. Kəsilmiş formada heyvan əti Ukraynadan, Hollandiyadan, camış əti isə Hindistandan gətirilir. Rusiyadan diri və kəsilmiş ət və ət məhsulları idxal edilir. Hazırda heyvan mənşəli məhsullarla təminat nöqteyi-nəzərindən heç bir narahatlığa əsas yoxdur”.
Yolçu Xanvəli onu da vurğuladı ki, Gürcüstanın, Türkiyənin, İranın heyvan xəstəlikləri olmayan ərazilərindən, eləcə də, ət idxal etdiyimiz digər ölkələrdən heyvan ətinin gətirilməsi üçün həmin dövlətlərin zəmanət arayışı verilməlidir: “Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı zamanı isə həmin ölkələrin Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayış, mənşə sertifikatı tələb olunur”.
Sevil Hilalqızı