17 Mart 2016 15:32
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsinin dəyişmədiyini elan etdi. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izahladı.

FES-in qərarının nəticələrini Teleqraf.com-a şərh edən iqtisadçı Samir Əliyev deyir ki, əslində uçot dərəcələrinin dəyişməyəcəyi gözlənilirdi: “Federal Ehtiyatlar Sisteminin növbəti iclası apreldə, sonra isə iyunda olacaq. Apreldə də uçot dərəcələrinin qaldırılacağı gözlənilir, iyunda isə bu baş verəcək.
Martın 16-da verilən qərardan sonra isə dolların kursunda ucuzlaşma, neftin qiymətində bahalaşma oldu. Brent markalı neft 41 dollardan yuxarı satılır. Dolların məzənnəsi yaxın vaxtlarda sabitləşəcək”.

FES-in qərarının Azərbayacana təsirinə gəlincə, ekspert uçot dərəcəsinin qaldırılmamasının manata əlavə nəfəs verdiyini deyir: “Bu isə hökumətə imkan verir ki, manatın məzənnəsini yay aylarına qədər dəstəkləsin. Artıq, üzən məzənnəyə keçiddən sonra üçüncü devalvasiya söhbət əhəmiyyətini itirdi. Çünki üzən məzənnə rejimində manatın dəyərində gündəlik dəyişikliklər baş verəcək. Müəyyən dövrdə manat bahalaşa, müəyyən dövrdə də ucuzlaşa bilər. Fikrimcə, yaxın dövrdə manatın tədricən ucuzlaşması prosesi davam edəcək”.

Qeyd edək ki, ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25 faiz rekord aşağı səviyyə ilə 0,25 faiz artırmışdı. Baza faiz dərəcəsi üzrə orta göstərici 0,375 faiz təşkil edir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər