8 Aprel 2016 16:43
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hesablama Palatası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində apardığı nəzarət tədbirləri nəticəsində bu quruma 14,9 milyon manat vəsait ayrıldığını müəyyənləşdirib. Bu, ümumi dövlət xidmətləri xərclərinin 0,5%-i deməkdir.


Teleqraf.com xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.

Nəzarət tədbirləri nəticəsində aşkar edilib ki, Komitənin dövlət başçısının müvafiq fərmanına əməl etməyib.
Belə ki, Komitə tərəfindən Prezidentin müvafiq fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılmış yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməyərək “Sahibkarlıq sahəsində aparılmış yoxlamaların vahid məlumat reyestri”nə daxil edilmədən yoxlamaların aparılması barədə qərar və ya sərəncamlar qəbul edilib.

Bir neçə sahibkarlıq subyektində aparılan yoxlamalar zamanı uyğunluq sertifikatı rəsmiləşdirilməyib, ölçmə vasitələrinin müqayisəli yoxlamaları keçirilməyib, müvafiq normativ sənəd olmadan məhsulların istehsal olunması, məhsulların müvafiq normativlərin tələblərinə uyğun qablaşdırılmaması və saxlanmaması, qidaların texnoloji təlimat və reseptura olmadan hazırlanması, müxtəlif şərait tələb edən qidaların eyni sahədə hazırlanması, məhsulların tərkibində toksiki elementlərin müəyyən edilməməməsinin növbəti yoxlama zamanı təkrar aşkar olunub.

Uşaq qidasında mezofil aerob və fakultativ aneorob mikroorqanizmlərin ümumi miqdarının normativ texniki sənədlərdə qəbul olunmuş normadan artıq olması, məhsulların müvafiq qaydada müayinədən keçirilməməsi hallarının aşkarlanmasına baxmayaraq, həmin sahibkarlıq subyektləri üzrə qanunvericvilikdə nəzərdə tutulan tədbirlər görülməyib, o cümlədən inzibati cərimələr tətbiq edilməyib.

Həmçinin Komitə tərəfindən satınalmalarla bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilmədiyi aşkarlanıb.

Məlum olub ki, Komitə tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı cəmi vəsaitin 82,7%-i qanunvericilikdə nəzərdə tutulmuş satınalma metodları tətbiq edilməklə icra edilib. Həmin vəsaitin 42,1%-i kotirovka sorğusu, 56,7%-i açıq tender, 1,2%-i isə müvafiq mərkəzi icra hakimiyyəti orqanının razılığı alınmaqla birbaşa müqavilələr əsasında icra edilib.

Bundan əlavə Komitə tərəfindən vergi qanunvericiliyinin tələblərinin, nəqliyyat vasitələrinin saxlanılması və ezamiyyət xərcləri üzrə mövcud normativlərin pozulduğu aşkarlanıb.

Komitənin həmçinin məzuniyyət vaxtı orta əmək haqqının müəyyən edilməsi və kollektivin mükafatlandırılması zamanı bəzi nöqsanlara yol verdiyi, bununla da əmək haqqı hesablanan zaman artıq vəsaitin xərcləndiyi açıqlanıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər