23 Aprel 2016 21:25
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftin qiyməti daha çox aparılan dünya siyasətindən asılıdır. OPEK və digər neft hasil edən ölkələr çalışırlar ki, bu məhsulun qiyməti aşağı olmasın. Bu məqsədlə də, mütəmadi toplaşıb müzakirələr aparırlar. Həm də neft tələbat məsələsidir. Ona tələbatı artdıqca qiyməti də qalxmalıdır. Bəzi ölkələr təklif edir ki, qiymətdə dönüş yaratmaq üçün neftin hasilatı azaldılsın. Vaxtilə bizim neftimiz ucuz qiymətə satılırdı. O dövrdə təklif edirdim ki, istehsalatı azaldaq və qiymət qalxanda istehsalı da çoxaldarıq. İllər əvvəl OPEK də təklif edirdi ki, nefti ucuz qiymətə satmaqdansa hasilatı azaldıb neft bazarında qiymətləri uyğun və sabit saxlamaq xətti seçilsin. Bu baxımdan neftin istehsalında azalma templəri, dünya bazarında buna tələbatın artması bu məhsulun qiymətinin qalxmasına səbəb olar”.

Bunu iqtisadçı professor Əli Əlirzayev dünya bazarında son günlər neftin qiymətində artımı Teleqraf.com-a şərh edərkən deyib.

Professor qeyd edib ki, neftin qiyməti həm də siyasətdir: “Bu dünya siyasətidir. Hegemon və dünya siyasətinin başında dayanan ölkələr çalışırlar ki, neft satan ölkələr öz gəlirlərini azaltsınlar. Neft bazarında baş verən proses həm də Rusiyaya qarşı mübarizə metodudur. Yəni silahdan istifadə etməmək, əvəzində neftin qiymətinə təsir etməklə istəyə çatmaq xətti götürülüb. Neftin qiymətinin dəyərdən düşməsinə bu amil də ciddi təsir göstərir. Hesab edirəm ki, neft ölkələrinin özləri də, əslində hasilatı azaltmaqla onun qiymətinin qalxmasına pozitiv yanaşırlar. Lakin bunu həyata keçirmək çətin məsələdir. Çünki bu, həm də siyasi qərarlar əsasında edilir”.

Əli Əlirzayev hesab edir ki, yaxın dövr üçün neftin bir barelinin dünya bazarında qiyməti 40-50 ABŞ dolları arasında oynayacaq: “Hesab edirəm ki, yuxarıda dediyim amillər nə qədər varsa, neftin maksimum yüksək qiymətə satılması inandırıcı olmayacaq. Amma aydındır ki, dünyada neftə olan ehtiyac çoxalır. Qaz istehsalının artması neftə olan tələbatı bir qədər azalda da bilər. Eləcə də başqa resurslar var. Məncə, neftin qiyməti yaxın dövr üçün sabit olmayacaq. Qiymətlər 40-50 dollar arasında rəqs edəcək. Hesab edirəm ki, indi əsas məqsəd neftin qiymətinin 50 dollar olması və bunun sabitliyinin saxlanılmasıdır. Bizim üçün də 50 dollar uyğundur, amma istərdik ki, qiymətlər daha yüksək olsun”.

Nemət


Müəllif:

Oxşar xəbərlər