21 Fevral 2023 09:05
5 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Nərmin Kərimbəyova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdən hamımız sarsıldıq. Kimi maddi, kimi mənəvi dəstəyini çatdırdı. Siz nə etdiniz?

- Mən qardaşımla zəlzələ baş verən Malatya şəhərində əməliyyat olunmuşuq. Hər ikimiz iki ay orada yaşamışıq. Qardaşım Kamran Kərimbəyov əməliyyatdan sonra mütəmadi olaraq müayinə üçün gedib-gəlir. Bir ay olar ki, Türkiyədən qayıdıb. Hazırda Bakıdadır.

Bizim orada çoxsaylı dost-tanışlarımız var. Həkimlərimiz bizim üçün çox dəyərlidirlər. Əməliyyatımız çox gözəl keçdi və reabilitasiya dövründə də çox kömək etdilər. Bizə qarşı çox qayğıkeş olublar. Onların bu münasibətini heç nə ilə ödəyə bilmərik. Sağlamlığımızda əvəzolunmaz xidmətləri olub.

Zəlzələdən sonra Türkiyədəki tanışlarımızla əlaqə saxlamağa çalışırıq. Bəziləri ilə əlaqə qurmuşam, bəziləri ilə isə əlaqə yarada bilmirəm. Maddi dəstək də olmuşam, bunu deməyə ehtiyac var, yoxsa yox, düzü, çətinlik çəkirəm. Şəxsən tanıdığım insanlara da maddi dəstək olmağa çalışıram. Amma danışa bilmədiyim bir neçə nəfər var, bu, məni narahat edir. Ümid edirəm ki, sağ-salamatdırlar.

Orada vəziyyət çox çətindir, dostlarımız şok içindədirlər. Bəziləri xəstəxanada yaşayırlar. Turqut Ozal adına xəstəxana dünyada transplantasiya üzrə ikinci yerdədir. Xəstəxananın əksər heyəti həm orada yaşayırlar, həm də dağıntılar altından çıxarılan insanları müalicə edirlər. Ailələri ilə avtomobildə yaşayan dostlarım da var. Eləsi də var, çöldə qalıb.

Bilmirəm qardaşımın Türkiyəyə getməsi mümkün olacaqmı? Digər şəhərlərdə vəziyyət Malatyadan da pisdir. Dəhşətli bir hadisədir.

- Qardaşınız Kamran Kərimbəyova donor oldunuz. İnsanlar qardaşınızın sağlamlığı üçün mübarizənizə görə sizə çox rəğbət bəslədilər.

- Düzdür, həmin ərəfədə çox insanlar yazdılar, bizə dəstək oldular. Qardaşımın səhhətini soruşdular. Əməliyyatda çox güclü narkoz qəbul etmişdim. Ondan sonra psixoloji olaraq özünə qayıtmaq çox çətin idi. Reabilitasiya dövrü çox çətin keçdi.

Onu da deyim ki, hər kəsin orqanizmi fərqlidir. Yəqin mənim əməliyyat zamanı gözəgörünməyən sinirlər zədələnmişdi. Bir ay dəhşətli ağrılar yaşadım, sonra ağrılarım Bakıda da davam elədi. İki-üç ay belimi tam düz tuta bilmirdim. İndi də narahatçılıq var, amma o dərəcədə deyil. Psixoloji olaraq əməliyyata hazırlaşmaq mərhələsi də qorxulu idi. Çünki mənim donor olaraq qəbul edilib-edilməməyim bilinmirdi.

Gündən-günə qardaşımın halı pisləşirdi. Bizim uyğun donor tapmağa vaxtımız yox idi. Bu aylar aparar, bəlkə də bir il çəkərdi. Mütəmadi donor axtardıq, amma nəticə vermədi.

- Türkiyəyə əməliyyata qardaşınızla tək getmişdiniz. Bu, sizi narahat etmirdi?

- Bəli, biz əməliyyata tək getmişdik, türklər də şokda idilər. Onlar məni araşdırıb, sənətçi olduğumu bildilər. Düşünürdülər ki, xəstəxanaya böyük heyətlə gəlirik. Mən kim olduğumu deməmişdim, adi insan kimi getmişdik. Amma Türkiyədə çox yaxşı qarşıladılar, Malatyada nə qədər jurnalistlər gəldilər. Xəstəxananın nəzdində olan İnönü Universitetinin rektoru Ahmet Kızılay çox hörmət göstərdi. O, mütəmadi olaraq palatama gəlirdi. Hətta mən Türkiyədə olanda onların Şuşaya səfəri olmuşdu. Azərbaycandan qayıdanda mənə şəkərbura da gətirmişdi.

Ümumilikdə, rəhbərlikdən tutmuş bütün adi işçi heyətinə qədər hamı bizimlə mehriban idi. Onu da əlavə edim ki, əməliyyata getməmişdən öncə bildirmişdilər ki, sizi əməliyyata götürürük, amma əməliyyat zamanı qərar verəcəyik ki, sizin qara ciyəriniz uyğun gəlir, yoxsa yox.

Narkozdan ayılanda ilk sözüm “qardaşımın əməliyyatı baş tutdu?” oldu. Əməliyyatın 25-ci günündə tikişimdə sızma baş verdi. Həkimlərim səyi nəticəsində yaram sağaldı. Əməliyyatdan sonra çox zəif idik. İndi Allaha şükür, səhhətimiz yaxşıdır.

- Hazırda qardaşınızın səhhəti necədir?

- Əməliyyatdan öncəki və sonrakı vəziyyəti müqayisə edəndə yaxşıdır. Çox halsız olurdu. Düzdür, əməliyyatdan bir il, il yarım sonra çətin olur. Mütəmadi müayinə olunmalıdır, nəzarət lazımdır. Bir-iki ay aktivlik olur, sonra pisləşmə baş verir. Hələ ağır dövründəyik. Anam da qardaşımı tam nəzarətdə saxlayır, pəhrizinə xüsusi diqqət yetirir.

- Bildiyimizə görə, ananız həkim kimi fəaliyyət göstərir.

- Bəli, valideynlərimin hər ikisi həkimdir. Ümumiyyətlə, həkim nəslindənəm. Nənəm və babam da həkim olub. Anam məni də həkim görmək istəyirdi, amma hüquqşünaslığı seçdim.

- Bəs, hüquq sahəsidən incəsənətə gəlməyizi ananız necə qarşıladı?

- Anam üçün həkimlikdən kənar hansı sahədə fəaliyyət göstərməyimin fərqi yoxdur. Bəlkə də həkimlikdən hansısa sahəyə getməyimi istəməzdi. Hüquq sahəsində də sözümü demişəm.

- İncəsənət sahəsinə keçid hansı zərurətdən yarandı?

- Deməzdim ki, bu zərurət idi. Anlayıram ki, bu hal bir az qəribə gələ bilər. Amma uşaqlıqdan ifa və rəqs etmişəm. Hamı məni səhnə insanı kimi tanıyırdı. Hara gedirdim, oxuyurdum və dayanmadan rəqs edirdim. Özümdən asılı deyildi.

Sadəcə 90-cı illərdə müharibədən sonra çətin dövr idi. Yasamalda yaşayırdıq, valideynlərim həkim idi. Anam Milli Onkologiya Mərkəzində, atam isə Səhiyyə Nazirliyində çalışırdı. Onların məni musiqiyə aparmasına vaxtı yox idi. Qardaşım deyir ki, sən dayanmırdın.

Sual yaranır ki, “nəyə görə əvvəldən musiqiyə getmədin”. Həmişə bu istək, tələbat daxilimdə yaşayıb. Sadəcə çətinliklərə görə reallaşdıra bilməmişəm. Məktəbdə də çox yaxşı oxuyurdum. Ona görə atam deyirdi ki, savadlı insan olmalısan. Sabah səs batsa, nə olacaq. Ondansa təhsil alsın.

Atamın məsləhəti ilə hüquq fakültəsinə daxil oldum. Mən də, qardaşım da hüquqşünas olduq. 10 il hüquqşünas işlədim, işim xoşuma da gəlirdi. O sahədə də uğurlu idim. Amerikanlarla işlədiyim dövrdə mənə deyirdilər ki, sənin yerində olsaydıq, Amerikada “The X Factor” yarışmasına gedərdim. Mən də bir an qərar verdim və bu sahəyə gəldim.

- Sanki qara ciyərinizin bir hissəsini qardaşınıza verdikdən sonra daha da məşhurlaşdınız. Bu haqda nə deyə bilərsiniz?

- Əməliyyat zamanı bütün xalqımız keçdiyimiz çətinliyi gördü. Bizə çox insan dəstək oldular, səhhətimizlə maraqlandı və öz sevgilərini nümayiş etdirdilər. Sağ olsunlar. Bu haqda xəbərlər yazıldı, amma deməzdim ki, sənətimə təsiri var idi. Sadəcə hər kəsin öz populyarlıq dövrü olur. Mən hazırda həmin dövrü yaşayıram. Gündən-günə populyarlığım artır. İndi mənə daha çox diqqət var.

- Günü-gündən populyarlaşırsınız. Yaradacılıqla bağlı nə kimi planlarınız var?

- Mən sənətə sənət üçün gəlmişəm. Çoxları kimi, başqa şeylər üçün yox... Ona görə sənətlə məşğul olmağa davam edirəm. Hazırda bütün gücümü sənətimə sərf etməyə çalışıram. Düşünürəm ki, həyat çox qısadır. Sənətə daha əvvəl gələrdim, bu arzuyla çoxdan yaşayırdım. Sadəcə bu qərarı verə, özümdə güc tapa bilmirdim.

Mən hüquqşünas kimi beynəlxalq təşkilatlarda 10 il fəaliyyət göstərmişəm. Bu qədər təhsili, iş təcrübəsini kənara qoyub, səhnəyə çıxmağa risk edə bilmirdim. Düşünürdüm ki, qərarım özünü doğruldacaqmı? Amma həyat belə gətirdi, adətən, çoxsaylı streslər məni nəyəsə vadar edir. Ailə daxilində stress yaşayırdım. Heç vaxt ailə məsələlərimi danışmıram. Məni dəhşətli dərəcədə sarsıdan problemlərim var idi. Həmin vaxt atam da rəhmətə getmişdi. Düşündüm ki, özümə qarşı nəsə edəcəm (kövrəlir).

Populyarlaşmaq məsələsinə gələk. Bu məni sevindirir, nəhayət ki, populyarlaşıram. Amma mən tək populyar olum fikriylə yaşamamışam. İnşallah ki, heç vaxt yaşamayacam. Elə illərdən keçmişik ki... Daha romantik böyümüşük, yaxşı hadisələrə inanmışıq, nəyəsə düzgün yolla çatmağa çalışırıq.

Mən daxili istəklərimi böyüdüb, çiçək kimi qulluq edib, inkişaf etmək istəyirəm. Sənətdə özümdən sonra iz qoymaq istəyirəm. Nəsə yaratmaq istəyirəm, məktəb yaratmaq çox böyük olar. Amma sənətdə sözünü demiş insan kimi özümü görürəm. Sənətə pul, qazanc üçün gəlməmişəm. Onun üçün gəlsəydim çoxdan populyar olmuşdum. Bu populyarlığın nəticəsində maddi imkan da başqa cür olacaqdı. Həyatda hər zaman çətin yolu seçirəm.

- Sizə tanındıqca mane olanlar varmı?

- Çoxdur. O demək deyil ki, konkret bir insan sənə qarşı çıxır, yollarını bağlayır. Mane olmaq məsələsi hər dövrdə olub, indi də var. Məsələ, İkinci Qarabağ Müharibəsində müğənni Ceyhun Zeynalovla ifa etdiyim "Atəş" dueti bütün televiziya və radiolarda səsləndirilirdi. Çox sağ olsunlar. Bu bizi ruhlandıran musiqi idi. Hətta haqqımda rəhbərliyə şikayət ediblər ki, "mənim mahnımı o qızınkı qədər vermirsiniz". Müharibə dövründə belə qısqanıblar. Söz ünvanına çatır.

Yolumu digər məsələlərdə bağlayanlar da olurdu. Yeni kliplərimi yayımlamaq istəmirdilər, bilinməyən səbəblərdən məhdudiyyətlər qoyurdular. Çox şeylər var. Hətta iş sahəsində də belədir, şirkət toy məclisi edənlərə öz çalışdıqları iki-üç müğənnini təklif edirlər. Adətən, məni məclislərinə dəvət edən insanlar deyirlər ki, "o qızdan xoşum gəlir, səsindən, rəqslərindən, enerjisindən". Onlar başlayırlar ki, onun toy qiyməti belədir. Yalan toy qiymətləri deyirlər.

Bu, tək mənə aid deyil, bu fikirləri individuallaşdırmaq istəmirəm. Mənə qarşı kampaniya var, sevmirlər, xeyr. İnsanlar bir-birinə qarşı belədir, yırtıcı kimi davranırlar. Xüsusilə, səhnə adamından həmkarına böyük paxıllıq hiss var. Bu bizi arxaya çəkən mənfi xüsusiyyətdir. Bu hal olmasa daha ön pillədə olarıq.

Əvvəl bu mənə çox pis təsir edirdi, düşünürdüm ki, niyə mən... Amma zaman keçdikcə alışdım. Kiminsə paxıllıq və tənqid etməsi maraqlı deyil. Həyatda elə hadisələr yaşamışam ki, bunlar onun yanında boş adamların boş fikirləridir.

- Özünüzü şou-biznesdə görürsünüz?

- Şou-biznesin içindəyəm, sadəcə bura qapıdan ayrı girib çıxıram.

- İxtisasca hüquqşünazsınız. Şou-biznesdə isə savadsızlar çoxdur. Onlarla ünsiyyətdə çətinlik çəkirsiniz?

- Bəli, bəziləri ilə ünsiyyət qurmaq çətindir. Çünki bir çox sənət adamları kamera qarşısında mədəni danışır, kamera arxası onlarla əyləşəndə qaçmaq istəyirsən, hətta planetini dəyişmək, Marsa köçmək. Daim şou-biznesin içində olan sənətçi kimi tanınmıram.

Enerjimi yaradıcılığıma sərf etmək istəyirəm. Çünki enerjimi söz-söhbətə qatsam, hardasa yox olaram. Düşünürəm ki, məsafəli olmaq lazımdır. Bu halda hörmətli olursan və hörmət saxlaya bilirsən. Bu daha yaxşı seçimdir.

- Rəqsləriniz də ifalarınız qədər tanınır...

- Rəqslərim ifalarımdan bəlkə də çox tanınıb. Yutubda rəqslərim ilk milyon baxış yığıb. Rəqs nümayişini məqsədli şəkildə etməmişəm, sadəcə enerjimin bir çıxış yolu, tələbatımdır. Həmişə ifaya köklənmişəm. İfam daha gözəl, maraqlı olsun, emosiyanı doğru çatdırım. Kədəri də, sevinci də düzgün təqdim edim. İnsan dinləyən kimi başa düşsün.

Bilirəm ki, xüsusi səs tembrim var, onunla hər yerdə tanınıram. Amma deyim ki, rəqsə xüsusi diqqət ayırım, xeyr. Bir hadisəni danışım, Elgiz Əkbər verilişinə dəvət etmişdi. Orada rəqsim çox məşhurlaşdı. İndiyə qədər bəzi insanlar deyirlər ki, sizi o vaxtdan izləyirik. Rəqsinizlə tanıdım.

Rəqsim insanların çox xoşuna gəlmişdi. İlk milyon baxış sayı həmin video ilə oldu. Nəyəsə görə hansısa mərdiməzar tərəfindən həmin video silindi. Sonradan kiminsə tərəfindən yutuba yerləşdirildi, amma baxış sayı cəmi neçəsə mindir. Həmişə insanın qarşısını kəsən hansısa amillər var.

Neqativə köklənmək istəmirəm. Həyat gözəldir, yaşamağa dəyər. Hər kəsə sağlıq diləriyəm. Əsas odur ki, özünüzə inanın. Həyatda cəhd edin.

- Röya Ayxan sizə dəstəyini nümayiş etdirdi, evinə dəvət elədi.

- Bəli, Röya xanım neçə dəfə evinə dəvət elədi. Ümumiyyətlə, deyim ki, ulduzlarımızdan mənfi nəsə görmüşəm, xeyr. Röya xanımla bir-birimizə hörmət edirik. Onu çox istəyirəm və özəl münasibətim var. Mən bizim münasibətimizi heç vaxt işə qatmıram. Heç vaxt heç kimə sənət baxımından müraciət etməmişəm. Amma mənəvi dəstək çoxdur və ən önəmlisi də budur. Dostluq münasibəti yaranır.

- Xalq artisti Brilliant Dadaşova sizə dəstək olubmu?

- Brilliant Dadaşova xalq artistimizdir, sənətkarımızdır. O, mənim qohumumdur. Brilliant xanımdan umduğum heç nə yoxdur. Sənətə hamı bilir ki, özüm gəlmişəm.

- Flora Kərimova ilə də qohumluq əlaqəniz olduğu qeyd edilir. Bu haqda məlumat verə bilərsiniz?

- Bəli, Flora Kərimova ilə qohumluq münasibətimiz var. Düzdür, biz bir-birimizi çox sonradan tanımışıq. Hələ sənətdə deyildim, yaxın deyil, uzaq qohumluq əlaqələrimiz var. Səhnəyə gələndən sonra da Flora Kərimova ilə eyni səhnədə çıxışımız oldu. Flora Kərimova həmişə də deyir ki, eyni soykökdənik. Çox gözəl münasibətimiz var. Amma heç vaxt sənətimə görə ona da müraciət etməmişəm. Qohum kimi sağ olsun, var olsun. Bizim estradamızın ən mükəmməl səslərindəndir və ən böyük sözünü deyən sənətkardır.

- Şəxsi həyatınızı mətbuatdan uzaq tutursunuz. Bunun səbəbi nədir?

- Bir qızım var. Şəxsi həyat haqqında danışmaq istəmirəm. Heç vaxt şəxsi həyatla gündəmə gələn insan olmamışam. Sənətimə mənfi təsir edir. Bütün enerjimi sənətimə sərf edirəm. Hazırda bütün vaxtımı qızıma və sənətimə sərf edirəm.

- Son olaraq nə demək istərdiniz?

- Estrada musiqisinin və zövqlü musiqinin durumundan narahatam. Çox istərdim ki, televiziyalar və radiolar bayağı musiqilərə yol verməsinlər. Çünki onsuz da bayağı musiqinin dinləyicisi çox olub, həmişə də çox olacaq. Amma hər yerdən səslənməsin. Deyirsən ki, hara qaçım, bu mahnıları eşitməyim. Başa düşürəm ki, hər şey reytinqlə əlaqəlidir. Amma yenə də istedadlara, gənclərə yol vermək lazımdır.

Mən səhnəyə 2015-cı ildə "Səs Azərbaycan" layihəsi ilə gəlmişəm. İki il çox çətin idi. Elə bilirdim ki, müsabiqəyə gəlmişəm, müəyyən bir yerə çatmışam. Ən azı orada fərqlənmişəm və davam edirəm. Axı, niyə heç kimdən dəstək yoxdur? Bir obyektdən üç nəfərlik iş təklifi etmişdilər. Təklif edilən məbləği açıqlamaq istəmirəm. Elə gülməli qiymət demişdiklər, düşündüm ki, musiqiçiyə belə qiymətlər ola bilərmiş. Ağlımdan belə keçməmişdi. Çünki mən səhnəyə gələndə şou-biznesin reallığından, canlı ifalardan agah deyildim.

Məndə iki ilə yaxın zaman tələb elədi ki, bir az tanınım, ifalarım haradasa səslənsin. Çox çətin dövr idi. Ona görə də insanlar ruhdan düşür. Sənət adamları çox həssas olurlar. Yaxşı olar ki, insanlar sevdiyi, hörmət etdiyi sənətkarlara hər baxımdan dəstək olsunlar. Xarici sənətkarlara necə önəm verirlər, bizimkilərə də elə etsinlər, aşağılamasınlar. Öz sənətkarlarımıza, peşəkarlarımıza dəstək olaq. O zaman bizdə də irəliləyiş və inkişaf olacaq.


Müəllif: Foto: Elnur Muxtar, Rəqsanə Həsənova

Oxşar xəbərlər