İstanbula gələrkən ilk ziyarət edəcəyim şəxslərdən biri Kitab Evi nəşriyyatının sahibi Mehmet Varış olacaqdı. Ona bir Azərbaycan vətəndaşı olaraq təşəkkür borclu idim. Çünki o, idealistcəsinə, heç bir qazanc gətirməyəcəyini bilə-bilə Məhəmmədəmin Rəsulzadənin 1929-1931-ci illərdə Türkiyədə çap etdirdiyi “Odlu Yurd” jurnalının bütün saylarını “tıpkıbasım”, yəni orijinalın surətini iki cild kitabda toplayaraq nəşr edib və onun doğumunun 130 illiyinə həsr edib.
Bu jurnalları ancaq arxivi zəngin olan kitabxanalarda tapmaq mümkündür. Bu baxımdan belə bir gərəkli mənbəyə daha rahat çatmağımız üçün cəhd göstərən Mehmet bəyə dünən görüşərək təşəkkür etdim. Mehmet bəy ayrıca Rəsulzadənin çap etdiyi “Bildiriş” qəzetini və “Kurtuluş” jurnalını da hazırlayıb, lakin maddi problemlər səbəbindən çap edə bilmir. Eləcə də, Şimali Qafqaz, türküstanlı mühacirlərin də nəşr etdiyi dərgilərlə bağlı ilkin plan hazırlayıb, siqnal nüsxələri dərc edib. O nümunələrə biz də baxdıq və ümid edirik ki, ya Azərbaycandan, ya da Türkiyədən bu işə dəstək verən iş adamları, qurumlar olacaq.
- Mehmet bəy, “Odlu yurdu” çap etmək fikri necə yarandı?
- Uşaqlıqdan bəri Türk dünyası ilə maraqlanıram. O zamanlar Cengiz Dağcının kitablarını oxuyaraq məlumat əldə edirdim. Özüm də milliyyətçi ailədən gəldiyim üçün bilirdim. Hazırda nəşr etdiyimiz kitabların 80 faizi türk mədəniyyəti ilə bağlıdır. Dostum Ergün Çınar bəy “Odlu Yurdu” hazırlamışdı, çap etməyi təklif etdi, biz də yayımladıq.
- Diqqət çəkdimi?
- Gözlədiyimiz satış olmadı. Türkiyədə və Azərbaycanda xeyli yerlərə müraciət etdik. Təəssüf ki, mədəniyyətə və mədəni hadisələrə baxışımız nəyə görə geri qaldığımızın göstərgəsidir.
- Amma buna rəğmən mühacirətdə çap olunan digər dərgiləri də nəşr etməyi düşünürsünüz...
- “Bildiriş” və “Kurtuluş”u hazır etmişik. Təkcə Azərbaycanla bağlı deyil, Doğu Türküstanlı aydınların dərgilərini də olduğu kimi çap etməyə qərar vermişik. Türkiyədə bir quruma müraciət etdik, layihəmizi bəyəndilər, amma dedilər ki, pulumuz yoxdur. Hər şeyə pul tapılır, amma kitab çap etməyə gəlincə yoxdur... Mən Azərbaycanın, Türküstanın aydınlarının fikirlərinin bizim də kültür olaraq inkişafımıza faydalı olacağına inanıram.
- Azərbaycanda hansısa quruma müraciət etdinizmi?
- Rəsmi olaraq müraciət etmədim. Amma Azərbaycanın burdakı qurumlarının rəhbərlərindən birinə nümunə göndərib dəstək istədim ki, belə bir layihəyə kömək edə bilərsinizmi? Xəbər çıxmadı. Hər halda milliyyətçiliyə soyuq baxılır. Bu soyuqluq aradan qalxarsa, düşünürəm ki, diqqət çəkər.
- Mən nəşriyyatdakı kitablara baxdım, daha çox türk kültürü ilə bağlıdır. Bu tip kitablar maraq oyadırmı?
- Təəssüf ki, bizdə daha çox populyar kitablar – təriqətlə, siyasətlə bağlı kitablar çox satılır. Dünyada da belədir. İşimiz Allaha qalıb. Gördüyümüz işin mənəvi tərəfindən zövq alırıq.
- Kitabevini nə zaman qurmusunuz?
- 15-16 yaşlarımdan bəri kitablara marağım var. Əsgərlikdən döndükdən sonra bir kitabçının yanında işə başladım. 1990-da Kitabevi yayınlarını qurdum. Bu günə qədər də iki yayın evi adı ilə kitablar çap edirəm. Biri “Ay işığı” yayınlarıdır, burada daha çox dinlər tarixi ilə bağlı və ədəbiyyat, roman çap edirəm. Kitab Evində isə türk dili, tarixi, ədəbiyyatı üzrə kitablar nəşr edirəm. Liseyi bitirdikdən sonra bu işlərə başladım. Hazırda 650-dən çox kitab çap etmişəm. “Ay işığı”nda isə 70-dən çox.
- Bu yaxınlarda Ərdoğanla da görüşdünüz? Nə ilə bağlı idi?
- Bizim bir dərnəyimiz var. “Basın yayın, məslək birliyi” adlı. Biz də onun fəxri üzvləriyik. Dərnək vasitəsilə getdik, bir görüşümüz oldu.
- Özünüz kitab yazmısınızmı?
- O qədər də böyük qələm təcrübəm yoxdur. İşimizlə bağlı yazdığım məqalələr və üç kitabda müxtəlif yazılarım var. Kitab sahibi sayılmasaq da, suhuf (bəzi peyğəmbərlərə kitab deyil, müxtəlif səhifələr göndərilib. Bunlara “suhuf” deyilir-D.Ə.) sahibi sayılırıq (gülür).
Dilqəm ƏHMƏD