Tüyap-ın təşkil etdiyi 35-ci beynəlxalq kitab sərgisində “Nuri Killigil” kitabının müəllifi Atilla Oral bəylə görüşdük.
Qeyd edək ki, Atilla bəy uzun illər ərzində topladığı arxiv materialları əsasında min səhifəlik mükəmməl bir kitab ərsəyə gətirib, Nuru paşanın məzarının tapılması, təmir edilməsi yolunda çox əziyyətlər çəkib. Onun gördüyü bu işlər sayəsində Ədirnaqapı məzarlığında bu ilin sentyabrın 28-də Nuru paşaya illər sonra cənazə namazı qılındı, məzarı üzərində Azərbaycan və Türkiyə bayraqları ucaldıldı.
Atilla bəyin kitabı eyni zamanda Bakıda “Kitabevim” mağazasında da oxuculara təqdim edildi.
Biz də kitab sərgisində Atilla bəyin təşkil etdiyi Atatürklə bağlı fotosərgini izlədik və ayaqüstü kiçik söhbət elədik:
- Atilla bəy, Azərbaycanda kitab təqdimatınız oldu. Ümumiyyətlə, Azərbaycanda Sizə olan münasibətdən razısınızmı?
- Azərbaycanda bizi çox xoş qarşıladılar. Hörmətli millət vəkili Qənirə Paşayeva mövzu ilə məşğul olan şəxslərlə bizi tanış elədi. Bir çox dostlar qazandıq. Bu münasibətlərimizi davam etdirəcəyik, bir dəfəylə bitməyəcək. 2018-ci ildə Bakının qurtuluşunun yüzüncü ildönümü gəlir, Nuru paşanın Bakıya və Dağıstana qədər olan səfəri haqqında ayrıca kitab yazmaq planım var. Sərgi də təşkil edərəm. Akif Aşırlı kimi dostlarımız var, onlarla əməkdaşlıq çərçivəsində gözəl şeylər edə bilərik.
- Bu kitabda da ilk dəfə yayımlanan fotolar, sənədlər olacaqmı?
- Əlbəttə ki. Qafqaz İslam Ordusunun hərəkətinin gündəliyini axtarıram. Nuru paşanın itmiş gündəliyini tapmağa çalışıram. İnşallah, bunları tapsaq, gələcək nəsillərin də istifadəsi üçün çox yaxşı qaynaq olacaq.
- Nuru paşa ilə bağlı kitabınız Azərbaycanda böyük maraq doğurdu. Türkiyənin özündə necə qarşılandı?
- Burada da maraq doğurdu. Amma Nuru paşanı sizin tanıdığınız qədər tanımırlarmış. “Kimdir bu Nuru paşa” deyə mənə tez-tez sual ünvanlanır. Mən də anlatmağa çalışıram. Normalda bu kimi kitablar akademik kitab sayıldığına görə az satılır, amma “Nuru Killigil” kitabı çox yaxşı satılır. Çünki təkcə Bakı ilə bağlı deyil, Nuru paşa türk müdafiə sənayesini quran adamdır, çox mühüm işlər görüb. Böyük bir silah fabriki qurmuşdu, partlatdılar.
- Qafqaz İslam Ordusuna aid başqa nələrin tapılma ehtimalı var?
- Filmlərin. Qafqaz İslam Ordusu haqqında indiyə qədər heç bir film yayımlanmayıb, amma çəkildiyini bilirik. Ordu necə hərəkət edib, bunları bilməmiz lazımdır. İndiyə qədər yazılan kitablarda Nuru paşaya aid olmayan fotolardan da istifadə edilirdi. Nuru paşaya aid olmayan rəsmləri internetdən silmək lazımdır. Hələ də Nuru paşa ilə bağlı bir xəbər verilərkən ona aid olmayan fotolardan istifadə olunur. Mənim kitabımda Nuru paşanın gənc zabit olduğu vaxtdan yaşlılıq dönəminə qədər olan 80-ə yaxın foto var. Bütün fotoları zamanında mətbuatda gedən fotolarla müqayisə elədim, hər bir fotonu dəqiqləşdirib kitabımda yayımladım. Məndəki bütün fotolar orijinaldır və öz kolleksiyamdadır. Tarixlə bağlı qurumlarda belə bu fotolardan yoxdur.
- Siz hardan tapdınız?
- 30 ildir bu işlə məşğulam, toplayıram. Əhəmiyyətini bilirəm. Nuru paşa çox qiymətli adamdır, onun dəyərini yavaş-yavaş insanlar anlayacaq. Biz illər sonra ona cənazə namazı qıldıq, məzarında abidə yox idi, onu təşkil etdik. Orda Azərbaycan və Türkiyə bayraqları birlikdə dalğalanır. Nuru paşanın ölümü belə bizi bir araya gətirə bilir. Biz eyni millətik. Mən Azərbaycana getdiyim zaman dillə bağlı heç bir problem yaşamıram. Sizdən də bura gələndə eynidir hər halda.
- Bizdə millət vəkilləri tərəfindən də səsləndirildi. Bakıda Nuru paşaya abidə qoyulmayıb. Bu barədə nə düşünürsünüz?
- Hər şey addım-addım olacaq. Biz kitabı yazdıq, təqdim elədik, sonra məzarı düzəltdik. Onun fabrikinin partladığı yerin adı dəyişdirildi, xəbəriniz varmı? Ora indi Nuru Killigil parkı adlanır. Daha öncə Haliç parkı adlanırdı. Mənə də yeni xəbər verdilər, bələdiyyə oranın adını dəyişdirməyi uyğun görüb. İndi o parkda abidə də qoyulacaq. Orada da Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq. Bunu da azərbaycanlı qardaşlarımızla birlikdə edəcəyik. Nuru paşanın ordusu da bir əməkdaşlıq üzərində quruldu və buna görə Bakını erməni-bolşeviklərdən azad elədik. Bir gün, inşallah, işğal olunmuş 20 faiz torpağınızı da əl-ələ verib işğalçılardan təmizləyərik.
Dilqəm ƏHMƏD