“Azad olunmuş torpaqları nəyin bahasına olur-olsun, saxlamalıyıq”
Hərbi ekspert Azad İsazadə aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Azərbaycan qoşunlarının təmas xəttində başlayan hərbi əməliyyatlar, bu gün əldə olunan atəşkəs razılaşması və beynəlxalq güclərin bu prosesdəki rolu barədə fikirlərini Teleqraf.com-a bölüşüb.
Müsahibəni təqdim edirik:
– İndiki məqamda atəşkəs qərarını necə şərh edərdiniz?
– Atəşkəsdən danışmaq hələ tezdir. Amma başa düşürük ki, gec-tez atəş dayanacaq. Beynəlxalq aləm hər iki tərəfə tövsiyə edəcək ki, danışıqlara başlanılsın. Azərbaycanın xeyri nədir? Azərbaycan 20 il ərzində danışıqlar aparıb. Amma istəsək də, istəməsək də uduzmuş, torpaqlarını itirmiş dövlət kimi danışıqlara qoşulurduq. Son əməliyyat nəticəsində Azərbaycan ordusu irəliləyib, öz gücünü göstərib. Əks-tərəfin müdafiəsini yarıb, hansısa əraziləri azad edib. Belə götürsək, bu dəqiqə döyüşlər dayansa və danışıqlar başlasa, Azərbaycanın əlində bir arqument – güc arqumenti yaranır ki, mən irəliləyirdim, sülh danışıqlarına görə irəliləməyi, hücumu dayandırdım və danışmağa hazıram. Amma mənimlə real danışsınlar. Daha 20 il ərzində oldu]u kimi boş-boş söhbətlər olmasın. Ya da biz yenidən hücuma keçirik. Ermənistan tərəfi bu gün maksimum çalışır ki, azad olunmuş torpaqları işğal etsin. Ki, Azərbaycanın güc arqumentini aradan götürsün və sabah danışıqlarda arqument kimi desin, gördünüz, çalışdınız, bir şey alınmadı, indi suyunuz axa-axa danışıqlara gəlmisiniz. Deməli, ermənilər güc arqumentindən 20 il ərzində istifadə ediblər. Yəni, deyiblər ki, biz o torpaqlar üçün qan tökmüşük, götürmüşük, azad etmişik və oranı elə-belə verəsi deyilik. İndi isə söhbət ondan gedir ki, ya ermənilər özləri o torpaqları verməli, ya da Azərbaycan özü götürür. Hətta danışıqlar prosesində Azərbaycan özü Ermənistandan, araya girən Minsk qrupundan, ya da hanısısa ayrı təşkilatdan konkret tələb edəcək ki, məsələ necəsə həll olunmalıdır.
– Azərbaycan tərəfi hər zaman “proses ölü nöqtədən tərpənməlidir” deyirdi. Deyəsən, bu baş verdi?
– Bunu birmənalı olaraq söyləmək mümkündür. Birincisi, çox güman ki, təzə bir format yaranmalıdır. Mən bu əməliyyatdan öncə də fikirləşirdim ki, ATƏT-in Minsk qrupu çərçivəsində proses “ölü nöqtə”də də qalacaq. Deməli, təzə format yaranmalıdır. İndi isə təzə format mütləq yaranmalıdır. Üstəlik, Azərbaycanın mövqeyi daha da möhkəmlənib. Azərbaycan döyüşləri saxlamaq üçün hansısa şərtlər irəli sürə, Ermənistan tərəfdən real addımlar tələb edə bilər. Çünki Azərbaycan konkret, real addımlar atıb, qan töküb, şəhid verib və irəliləyib. Ona görə də biz artıq “ölü nöqtə”dən çıxmışıq. Bu gün Azərbaycan Ordusunun qarşısında dayanan ən böyük, vacib iş təzədən “ölü nöqtə”yə qayıtmağa imkan verməməkdən ibarətdir. Söhbət ondan gedir ki, azad olunmuş torpaqları nəyin bahasına olur-olsun, saxlamalıyıq.
– Canlı qüvvə itkisi və hərbi texnikaların sıradan çıxarılması ilə bağlı nə deyə bilərsiniz?
– Hər bir tərəf qarşı tərəfin itkilərini deyir və sonra tərəflər bunu təsdiqləyirlər. İtirilən texnikanı saymaq da, dəqiqləşdirmək də rahatdır. Canlı qüvvə itkisinə gəldikdə isə real döyüş vaxtı obyektiv, gizli informasiyanı bilmək çox-çox çətindir. İtkin düşən də olur, yaralını ölən kimi, öləni yaralı, qaçanı ölən kimi də hesablayırlar və sair. Ona görə də real rəqəmi hesablamaq çətindir. Sözsüz ki, təbliğat baxımından da bəzən real rəqəmi demək düzgün deyil. Amma bu o demək deyil ki, itki daha çoxdur. Sadəcə, distansion atəş nəticəsində birbaşa döyüşlər o qədər də çox deyil. Deməli, əsas itkilər mərmi, artilleriya nəticəsindədir. Onları real saymaq da çətindir. Biz atırıq, amma erməni tərəfinin real olaraq nə qədər itki verdiyini demək çətindir. Uzaqda olduğuna görə qarşı tərəf itkiləri gizlədə də bilər. Ona görə də canlı itkilər məsələsinə skeptik yanaşıram. Bir məqam da var ki, bu gün yaralanıbsa, dünyasını dəyişə də bilər. Ona görə də itkilər bir azdan bəlkə də çoxaldı.
– Rusiyanın son hərbi əməliyyatlara dair mövqeyini izah etməyinizi xahiş edirəm.
– Aprelin 2-dən etibarən şəxsən gözləyirdim ki, Rusiya Ermənistan tərəfindən çıxış edəcək. Birbaşa özü də olmasa, hansısa formada Ermənistan dəstək göstərəcək. Bu gün hansısa geopolitik maraqlarına görə Rusiya nisbətən neytral və hardasa hətta mən deyərdim bir az azərbaycanpərəst mövqe tutub. Aydın idi ki, Azərbaycan ordusu təkbətək Ermənistan ordusu ilə sakitcə bacara bilər. Söhbət Rusiyanın neytral qalmağından gedirdi. Onun Azərbaycana yardımı lazım deyil. Sadəcə, neytral qalsın. Hələlik biz Rusiyanın nisbətən neytral olmasından danışa bilərik. Rusiyanın Ermənistan tərəfində çıxış etməsinin görünən tərəfi hələlik izlənilmir. Bəlkə, sabah bu siyasət izlənildi, bəlkə də izlənilmədi. Belə deyək Rusiyanın bəzi politoloqları, xüsusən Kremlə yaxın politoloqlarının Azərbaycanın mövqeyindən çıxış etməsi, yaxud neytral qalması şans verir ki, bəlkə, bu dəfə bu münaqişədə Rusiyanın mövqeyi bir balaca, nisbətən azərbaycanpərəst ola bilər. Aydındır ki, Türkiyə kimi tam Azərbaycanın arxasında dayanmayacaq. Amma Türkiyə bu münaqişədə birmənalı şəkildə dayanıbsa, Rusiya birmənalı şəkildə Ermənistanın dalında dayanmadı və bu Azərbaycana diplomatik sahədə balaca da olsa şans verir.
– Rusiyanın mövqeyindəki bu dəyişiklik nə ilə bağlıdır?
– Burada bir neçə məqam var. Hiss etdinizsə, 3-4 gündür, bəlkə də, bir qədər çoxdur ki, Türkiyə-Rusiya münasibətlərində istilik olmasa da, buzun əriməsi prosesi başlamışdı. Münasibətlər isinməyib hələ, buz qalır, amma əriyir. Nəsə bir balaca dəyişib. Suriyadan qoşunların çıxarılması, Cənubi Qafqazda ümumiyyətlə öz mövqelərini itirmə təhlükəsi, son illərdə Azərbaycanla münasibətlərdə yaxınlaşma məsələsi öz sözünü dedi. Eyni zamanda iki ölkənin dövlət başçıları arasında şəxsi, isti münasibətlərin faktının mövcudluğu da diqqətdən qaçmamalıdır. Yəqin ki, bir deyil, bir neçə amil burda rol oynayıb.
Səxavət HƏMİD