24 Fevral 2022 14:23
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Teleqraf.com görüşdə dövlət başçısının “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanla dialoqunu təqdim edir:

Marqarita Simonyan: İlham Heydər oğlu, biz yeni-yeni sanksiyaların, o cümlədən personal sanksiyaların müzakirə olunduğu prosesdəyik, burada iştirak edənlərin bəzilərinin, məsələn Dmitrinin Avropaya girişi artıq qadağan edilib, mənim kimi bəzilərinə isə yəqin ki, bu gün qadağan ediləcək. Biz insanların nəyi isə etdiklərinə və ya etmədiklərinə görə, yaxud Dmitri ilə mənim kimi nəyi isə dediyimizə və ya demədiyimizə görə harayasa getməyin qadağan edilməsinə dair çox nümunə gətirə bilərik. Biz, həmçinin vətəndaşlıq əsasında ölkəyə girişə qadağa qoyulmasına dair çox nümunə göstərə bilərik, çünki müxtəlif ölkələr arasında münasibətlər müxtəlif olur. Lakin dünyada etnik əlamətinə görə ölkəyə girişə qadağa qoyulmasına aid nümunələr demək olar ki, yoxdur. Biz hamımız bilirik ki, ermənilərin Azərbaycana girişinə qadağa qoyulub. Adətən bu, təhlükəsizlik mülahizələri ilə izah olunur. Beləliklə Azərbaycan xalqı qəribə də olsa, pis şəkildə təqdim olunur. Mənim üçün inanmaq çətindir və mən inanmıram ki, insanlar Azərbaycanda canlı etnik erməni görərsə onun üstünə atılar və onu tikə-tikə edərlər, hər halda orta əsrlərdə yaşamırıq. Siz bu məsələyə belə sivil, mədəni münasibət nümunəsi göstərmək və bu cəfəng status-kvonu, sadəcə, ləğv etmək istəməzdinizmi?

Prezident İlham Əliyev: Birincisi, deməliyəm ki, bizimlə bölüşdüyünüz informasiya yumşaq desək, həqiqətə uyğun deyil. Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Onlar Avropa Oyunları kimi idman tədbirlərində iştirak edirlər. Ermənistandan olan komanda iştirak edib, mən hətta xatırlayıram ki, Ukraynanın milliyyətcə erməni olan bir nümayəndəsinə gümüş medalı şəxsən özüm təqdim etmişəm. O, qızıl medal qazanan azərbaycanlı boksçu ilə fəxri kürsüdə yanaşı dayanmışdı. Mən onun da əlini sıxıb təbrik etdim və bu, zaldakı adamların ürəyincə olmasa da, onlar məni uzun müddət alqışladılar.

Marqarita Simonyan: Mən bu əhvalatı bilirəm.

Prezident İlham Əliyev: Bax, görürsünüz. Deməli, sizin dediklərinizdə hər halda müəyyən qərəzlilik var. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycana müxtəlif tədbirlərə gələndə də eyni vəziyyət baş verir. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub, mən öz iş kabinetimdə onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur. Narahatlıq var, daha doğrusu, vardı ki, belə hallar xaotik şəkildə baş verəndə hansısa insidentlərin ola biləcəyi barədə müəyyən risk var. Çünki təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Mən özümlə kitab gətirmişəm, bu, hətta kitab deyil, “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər bir sözdən yaxşıdır, orada nə baş verib və təbii ki, çoxlu zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan çoxlu insanlar. Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir.

Biz öz vətəndaşlarımızın və qonaqlarımızın təhlükəsizliyinə cavabdehik. Buna görə xahişimiz ondan ibarətdir ki, ya Ermənistan vətəndaşları, ya da erməni soyadlı vətəndaşlar Azərbaycana gələndə müvafiq orqanlar məlumatlandırılsın. Xüsusi halda Rusiyadan söhbət gedirsə, səfirlik və səfir Polad Bülbüloğlu bu təlimatları bilir. Azərbaycana gəlməyə rədd cavabı verilən hallar olub. Lakin belə hallar məhz ona görə olub ki, bu formal qaydalara riayət edilməyib.

Erməni silahlı dəstələrinin nəzarəti altında olan əraziyə təsadüfən düşmüş, öz evlərinə getmək istəyən və tutulub saxlanmış, sonra əsir götürülmüş və işgəncələrə məruz qalmış azərbaycanlıların başına gələnlər barədə danışmaq istəmirəm. Bu, başqa mövzudur. Lakin düşünürəm ki, müharibə başa çatandan sonra əgər Ermənistan rəhbərliyi sülh müqaviləsi üzərində işləməyə başlamaq barədə bizim ideyaları qəbul etsə, belə səfərlər müharibədən əvvəl olduğu kimi adi hal ala bilər. İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub. Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Onların sayı deyilən 30 mindən azdır. Yəqin ki, 30 min 10-15 il bundan əvvəl olub, bununla belə onlar var, yaşayırlar və normal yaşayırlar, heç kəs onlara heç bir iddia irəli sürmür. Buna görə də sizin sualınıza cavab vermək imkanından istifadə edərək sizi Azərbaycana gəlməyə dəvət etmək istərdim. Siz görərdiniz ki, heç bir məhdudiyyət yoxdur.

Marqarita Simonyan: Siz dediniz ki, mənim sualımda qərəzlilik var. İnanın, qərəzlilik yoxdur. Sizin dediyiniz halları mən bilirəm. Siz deyirsiniz ki, hər halda bunlar xüsusi hallardır. Onlar ölkənin Prezidentinə məlumdur – idman tədbirləri, siyasi, ictimai tədbirlər. Amma, məsələn, mənim bu sistemdə işlədiyim 20 il ərzində heç kəs oraya erməni soyadlı səs rejissorunun da daxil olduğu çəkiliş qrupu göndərə bilməyib. Əgər indi belə deyilsə, Siz erməni soyadlı məni dəvət edirsinizsə, bəlkə mən özümlə daha bir neçə həmkarımı götürüm, onlar məmnuniyyətlə gələrdilər. Mən Sizi düz başa düşdümsə, belə hallarda, əgər biz oraya qrup şəklində gəliriksə, müraciət etmək olar?

Prezident İlham Əliyev: Bəli.

Mixail Qusman: Bu, o demək deyil ki, Marqaritanın başçılıq etdiyi qrupda işləyənlərin hamısı ermənidir. Xeyr, bu, o demək deyil.

Prezident İlham Əliyev: Amma mən fikirləşirəm ki, onların əksəriyyəti ermənilərdir.

Marqarita Simonyan: Siz yanılırsınız.

Prezident İlham Əliyev: Siz də indicə yanıldınız.

Marqarita Simonyan: Mənim 6 min işçim var. Onların əksəriyyəti ingilis və amerikalıdır. Mən düz başa düşürəmmi ki, biz oraya gələ bilərik. İlham Heydər oğlu, mənim beşinci nəslim rusiyalıdır.

Prezident İlham Əliyev: Bəli, lakin mən belə başa düşdüm ki, siz indiki halda erməni kimi sual verdiniz.

Marqarita Simonyan: Mən öz əməkdaşlarını yalnız etnik əlamətə görə iki ölkəyə - erməni soyadlı insanları Azərbaycana və gürcü soyadlı insanları Abxaziyaya göndərə bilməməklə üzləşən təşkilatın rəhbəri kimi sual verdim. Sadəcə, mənə elə gəlir ki, müasir dünyada bu, düzgün deyil və indi Sizinlə söhbətimizdə hansısa etnik səviyyəyə keçməyimiz də düzgün deyil.

Prezident İlham Əliyev: Siz başladınız, mən, sadəcə, düzəliş vermək istədim, dedim ki, sizin dediyiniz düz deyil. Mən yüzlərlə belə misal göstərə bilərəm, erməni soyadlı insanlar həm çəkiliş qrupunun tərkibində, həm rəsmi nümayəndə heyətlərinin tərkibində, o cümlədən Rusiyadan, digər ölkələrdən – Fransadan, ABŞ-dan gəlirlər. Belə hallar çox olub, sadəcə, yəqin bu barədə sizin məlumatınız yoxdur. Lakin düşünürəm ki, siz öz qrupunuzla gəlsəniz, bunu yəqin edərsiniz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər