Prezident İlham Əliyev Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
Teleqraf.com-un xəbərinə görə, nekroloqda deyilir:
"Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq Prezidenti Ayaz Niyazi oğlu Mütəllibov 2022-ci il martın 27-də ömrünün 84-cü ilində vəfat etmişdir.
Ayaz Mütəllibov 1938-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun konstruktor bürosunda böyük texnik kimi başlayan Ayaz Mütəllibov 1959-cu ildən etibarən Bakı məişət elektrik cihazları zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor və baş mühəndis vəzifələrində çalışmışdır. O, 1966-cı ildə Bakı soyuducular zavodunun direktoru təyin olunmuş, 1974–1977-ci illərdə həmin vəzifədə qalmaqla “Bakelektroməişətmaş” istehsalat birliyinin baş direktoru işləmişdir.
Ayaz Mütəllibov 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə Azərbaycan SSR-in yerli sənaye naziri təyin olunmuşdur. O, 1982–1989-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini – Dövlət Plan Komitəsinin sədri və 1989–1990-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifələrini tutmuş, 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və onun Siyasi Bürosunun üzvü olmuşdur. Ayaz Mütəllibov 1990-cı ilin mayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsis olunan Azərbaycan SSR-in Prezidenti vəzifəsinə seçilmiş, 1991-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti olmuş, 1992-ci ildə isə vəzifəsindən istefa vermişdir.
Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olan Ayaz Mütəllibov sovet dövrünün bir sıra orden və medalları ilə təltif edilmişdir.
İctimai-siyasi və dövlət xadimi Ayaz Niyazi oğlu Mütəllibovun xatirəsi onu tanıyanların qəlbində yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Nekroloqu imzalayıblar:
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Yaqub Eyyubov
Şahin Mustafayev.