Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin və Vatikanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Marek Solçinskinin etimadnaməsini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, səfir Ali Salem Naser etimadnaməsini dövlət başçısına təqdim edib.
Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər. Prezident İlham Əliyev vurğulayıb ki, həm işğal dövründə, həm də işğaldan sonra Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ölkəmiz həmişə Liviyanın dəstəyini görüb. Bu dəstəyin, eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də olduğunu deyən dövlət başçısı buna görə Liviya tərəfinə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev bu yaxınlarda Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladaraq, bu tədbirdə çıxışında ərəb dövlətləri ilə Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə danışdığını vurğulayıb. Prezident İlham Əliyev deyib ki, Azərbaycanın bu Zirvə toplantısına fəxri qonaq qismində dəvət olunması ərəb dünyasının ölkəmizə münasibətini bir daha nümayiş etdirib.
Azərbaycan Prezidenti dostluq əlaqələri nəzərə alınmaqla ikitərəfli münasibətlərimizin, xüsusilə də iqtisadiyyat, ticarət və energetika sahələrində əməkdaşlığımızın fəallaşdırılmasının zəruriliyini vurğulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məhəmməd Yunis əl-Mənfiyə çatdırmağı xahiş edib.
Ali Salem Naser səfir kimi fəaliyyəti dövründə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Səfir dövlətlərimizin və xalqlarımızın maraqları naminə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
***
Müqəddəs Taxt-Tacın apostol nunsisi etimadnaməsini dövlət başçısına təqdim etməkdən şərəf hissi duyduğunu deyib. Marek Solçinski bildirib ki, Roma Papası Fransisk Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya onun salamlarını çatdırmağı xahiş edib. O deyib ki, Roma Papası dövlət başçısına xalqa şərəflə rəhbərlik missiyasının uğur qazanması üçün dualar edir.
Sonra Marek Solçinski etimadnaməsini dövlət başçısına təqdim edib.
Apostol nunsi ilə söhbət edən Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Azərbaycanda və Vatikanda Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayaraq, onun ölkəmizə səmimi münasibətini həmişə hiss etdiyimizi vurğuladı. Dövlətimizin başçısı Roma Papasının Azərbaycana rəsmi səfərini tarixi səfər kimi qiymətləndirərək, bunun ikitərəfli münasibətlərimizi, eyni zamanda, bizim tərəfdaşlıq ruhunun, multikulturalizm, sülh və tolerantlıq dəyərlərinin təşviqinin zəruriliyini nümayiş etdirdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını deyərək, bunun əməkdaşlığın dinamizminə xidmət göstərəcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu bildirdi və bunu mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirərək, Azərbaycan tərəfinin bu işi davam etdirməyə hazır olduğunu dedi.
Prezident İlham Əliyev ölkəmizdə mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumunun bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini bildirdi.
Bakıda yenidən olmasından çox xoş təəssürat hissi keçirdiyini deyən Marek Solçinski Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə etdi.
***
13:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin və Vatikanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Marek Solçinskinin etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.