Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, Azərbaycan Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı tədbirdə iştirak edərkən bildirib.
“Əlbəttə, bütövlükdə energetika sahəsində əməkdaşlıq ənənəvidir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik”, - deyə dövlət başçısı bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir: “Bu məsələ artıq bir müddətdir ki, müzakirə edilir, o cümlədən bu ayın əvvəlində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında geniş müzakirə edilib. Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən "yaşıl enerji" potensialı Avropa üçün yeni imkanlar açacaq”.