31 May 2023 16:38
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib.

Teleqraf.com xəbər verir ki, tədbirin moderatoru, Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor çıxış edərək dedi:

- Hörmətli Zati-aliləri cənab Prezident Əliyev.

Xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Burada Bakı Enerji Həftəsinin təşkilat komitəsi adından sizi salamlayıram. Bu il 320 fərqli şirkət 35 ölkəni təmsil edir və bu da toplam olaraq keçən ilin sərgisi ilə müqayisədə 25-30 faiz artım deməkdir. Budəfəki Bakı Enerji Həftəsi, eyni zamanda, önəmli bir hadisə ilə - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yubileyi ilə üst-üstə düşür. Prezident Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan edib və buna görə də bütün sərgilərdə əlbəttə ki, bu mövzuya ayrıca xüsusi bir diqqət yetiriləcəkdir. Sərgi çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş stendimiz də vardır.

Əlbəttə ki, biz böyük məmnuniyyətlə Azərbaycan Respublikasının Energetika Nazirliyinə təşəkkürümüzü, həmçinin SOCAR-a - Azərbaycan Dövlət Neft Şirkətinə də minnətdarlığımızı bildiririk. Bakı Enerji Həftəsinə dəstəyinizə görə minnətdaram.

Hörmətli Zati-aliləri, biz eyni zamanda, bu tədbiri dəstəklədiyinizə görə Sizə ayrıca minnətdarıq. Ənənəvi olaraq açılış mərasimində iştirakınız bu önəmi bir daha vurğulayır və bütövlükdə enerji sahəsinə olan bir töhfədir.

Xanımlar və cənablar, mən sizin hər birinizə uğurlar və bu həftə ərzində məhsuldar görüşlər arzulayıram, təşəkkür edirəm. İndi isə sözü Zati-aliləri, cənab Prezidentə verirəm. Buyurun, cənab Prezident.

x x x

Dövlət başçısı açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Bakı Enerji Həftəsinə xoş gəlmisiniz. Əvvəlcə bu mühüm tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Artıq qeyd edildiyi kimi, 30 ildir - 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Biz 1994-cü ildə neft strategiyamızın - Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il də məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.

1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Yəni, o zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və əlbəttə ki, bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Bununla yanaşı, ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar əlbəttə ki, sərmayəçiləri bir növ qorxudurdu. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək. Məsələn bizim BP kimi 30 illik tərəfdaşımızı və ilk konsorsiumun ovaxtkı üzvlərini də buraya dəvət etmək üçün olduqca böyük səylər lazım oldu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması yeganə addım idi ki, o, Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi.

Xəzər neft-qaz sərgisi 1994-cü ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi. Biz təşkilatçılara davamlı dəstəyə görə təşəkkür edirik, eyni zamanda, onu da vurğulamaq istəyirəm və hesab edirəm ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Mənim sözümün təsdiqi o ola bilər ki, kimlər bu tədbirə öz məktublarını ünvanlayır – ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak. Bu, onun göstəricisidir ki, bizim bu tədbir qlobal əhəmiyyətə malikdir. Bu fürsətdən istifadə edərək, mən ABŞ Prezidentinə, Böyük Britaniyanın Baş nazirinə və onların buradakı nümayəndələrinə təşəkkürümü bildirmək istəyirəm ki, bizə xoş sözlər göndəriblər və onların sözləri bizi ruhlandırır.

Biz 30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik. Bu gün isə artıq bu sahələr şaxələndirilir, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. Əvvəlcə bu, neftə aid idi, indi isə qaz sahəsi burada söhbət mövzusudur. Biz nəhəng enerji infrastrukturu yaratmışıq ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi əlbəttə ki, milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.

Bununla yanaşı, mən Avropa İttifaqının burada nümayəndəsini görməyə şadam. Bildiyiniz kimi, Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Bu, uğurla icra edilir. Biz artıq enerji dialoqumuzu başlamışıq, uğurla davam edir. Biz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvləriyik, o, hər il fevral ayında Bakı şəhərində baş tutur. O da çox böyük əhəmiyyətə malikdir ki, bizim bütün səylərimiz əlaqələndirilir. Cənub Qaz Dəhlizi artıq istifadəyə veriləndən sonra belə, bu gün bizim yeni vəzifələrimiz var. Ona görə də Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir.

Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir. Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.

Mən hər il Xəzər Neft-Qaz Sərgisində çıxış edəndə deyirdim ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki məsələdir - həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir. Bizim bu işə çox sadiq olan bir heyətimiz var - beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq. Onlar situativ çətinliklər və ya strateji çətinliklər ola bilər. Biz bu işdə bir yerdəyik. Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu, çox vacib bir məsələdir.

Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. Mən sonuncu sərgidən bu yana bir neçə mühüm nailiyyəti qeyd edə bilərəm. İyulda biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik.

Biz strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçiririk. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq. Digər layihələrimiz var ki, biz bazara əlavə qaz həcmi çıxara biləcəyik. Eyni zamanda, enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi, - bizim Avropa İttifaqı ilə bu barədə də dialoqumuz olub. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq.

Digər vacib tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı idi. Mən həmin tədbirdə iştirak etdim. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Biz Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Hər şey plana uyğun getsə və bütün interkonnektorlar vaxtında inşa edilsə, - yəni, bu ilin sonuna qədər, - bizim qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir.

Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Əminəm ki, bu, qlobal əhəmiyyətə malik bir layihə olacaqdır. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Biz artıq təşkilat komitəsinin ilk iclasını keçirdik və razılıq əldə olundu. Belə ki, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur.

Biz indi elə bir mərhələdəyik ki, layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Hesab edirik ki, bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik ki, bu da bizim əlavə töhfəmiz olacaq.

Digər mühüm tədbirlərdən biri bu ilin aprel ayında Sofiya şəhərində keçirilib, Bolqarıstan Prezidentinin təşəbbüsü ilə. Bu, “Həmrəylik Halqası” adlandırılan layihədir. Bu layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bu da elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək. Yəni, Avropa İttifaqının yüksəkrütbəli məmurları Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırırsa, bu, tamamilə doğrudur.

Bizim təchizatın coğrafiyası, əminəm ki, genişlənməkdə davam edəcək. Çünki Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq. Sərmayələri də əlaqələndirməliyik ki, bazar imkanları nəzərə alınsın. Onu da vurğulayım ki, bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyacımız var. Bilirik ki, bu gün “yaşıl enerjiyə” gəldikdə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz.

Bərpaolunan enerji haqqında danışarkən deyim ki, Azərbaycanın nəhəng potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.

Ümumilikdə saziş və memorandumları nəzərə alsaq, biz artıq 25 qiqavatlıq sazişlər imzalamışıq. Əlbəttə, anlaşma memorandumu imzalamaq o demək deyil ki, o, dərhal reallaşacaq və müqavilə olacaq. Ancaq biz elə şirkətlərlə anlaşma memorandumları imzalamışıq ki, onlar bərpaolunan enerji sahəsində qlobal liderlərdir. Ona görə də bunların real müqaviləyə çevrilməsi ehtimalı olduqca yüksəkdir. Ancaq imzalanan memorandumların yarısı belə reallaşsa, bu, olduqca böyük rəqəm olacaqdır və Azərbaycanın özünün daxili istehlakından iki dəfə artıq olacaqdır. Yəni, dediyim kimi, biz bu gün enerji istehsalı üçün istifadə etdiyimiz böyük qaz həcminə qənaət edəcəyik və onu da beynəlxalq bazara çıxaracağıq.

Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin, - biz ancaq artan tələbatı nəzərə alaraq bunu hasil edirik, - real alıcısı olacaqdır. Ona görə də biz bu komanda işini davam etdirməliyik. Dediyim kimi, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir. Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca bütün işlərimiz uğurla gedəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt çıxış edərək dedi:

- Sabahınız xeyir.

Zati-aliləri, cənab Prezident Əliyev.

Xanımlar və cənablar.

Mən böyük məmnuniyyətlə Bakı Enerji Həftəsində iştirak edirəm. Otuz ildən artıqdır ki, ABŞ və Azərbaycan Respublikası uğurla əməkdaşlıq edir. ABŞ Cənubi Qafqaz regionunda sabitlik, firavanlıq və müstəqilliyin tərəfdarıdır. Biz Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə göstərdiyi güclü dəstəyə görə təşəkkür edirik.

Azərbaycan davamlı surətdə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş olub. ABŞ bundan sonra da əməkdaşlığı davam etdirəcək və əmindir ki, etibarlı enerji mənbələri Azərbaycan tərəfindən təmin olunacaq. Əlbəttə ki, mühüm iqlim hədəflərimizlə bağlı da əməkdaşlıq edəcəyik. İndi isə Prezident Baydenin məktubunu səsləndirirəm.

x x x

Cefri Pyatt ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə məktubunu oxudu.

ABŞ Dövlət katibinin köməkçisi Cefri Pyatt dedi: Bir daha, cənab Prezident, hörmətli qonaqlar, bu tədbirə uğurlar arzulayıram.

x x x

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson çıxış edərək dedi:

- Cənab Prezident, böyük məmnuniyyətlə bizim Baş nazirimizin məktubunu Sizə və qonaqların diqqətinə təqdim etmək istəyirəm.

x x x

Baronessa Emma Nikolson Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Prezident İlham Əliyevə məktubunu oxudu.

x x x

Baronessa Emma Nikolson dedi: Mən də Baş nazirimizə məlumat verəcəyəm ki, bu Sərgi çox uğurlu bir tədbirdir. Mən təəssüf edirəm ki, bizim Baş nazir ötən həftə Londonda Ulu Öndərin 100 illiyinə həsr edilmiş tədbirə qatıla bilməyib. Çox gözəl bir tədbir olub. Ulu Öndərin xatirəsi daim yad olunacaq, cənab Prezident.

x x x

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero çıxış edərək dedi:

- Hörmətli Zati-aliləri cənab Prezident Əliyev.

Nazirlər, səfirlər.

Bakı Enerji Həftəsinin iştirakçıları, hamınızı salamlayıram.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun adından və şəxsən öz adımdan bizim üçün çox mühüm hadisə olan Bakı Enerji Həftəsinə yenidən dəvətə görə Sizə təşəkkür etmək istərdim.

Prezident Ursula Fon der Lyayen Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq müqaviləsini imzalamaq üçün ötən il iyul ayında Bakıda səfərdə olub. Komissar Simson isə fevral ayında səfər etmişdi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının (Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında) iclasında iştirak etmişdi. Nazir Pərviz Şahbazov isə yüksək səviyyəli enerji dialoqumuz üçün bu ayın əvvəlində Brüsseldə səfərdə olmuşdur.

Qazın Azərbaycandan Avropaya 2020-ci ildə Cənubi Qaz Dəhlizi vasitəsilə nəql olunmasına başlanıb və Azərbaycan artıq etibarlı enerji tərəfdaşına çevrilib. Keçən ilin əvvəlində Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi əlbəttə ki, enerji bazarımızın əsaslarını dəyişmiş və Avropanın enerji sistemində böyük dəyişikliklərə səbəb olmuşdur. Keçən il biz enerji böhranının aradan qaldırılması üçün bir sıra tədbirlər gördük. Biz bunların sırasına qaz anbarlarımızın məcburi doldurulmasını, qaz istehlakının könüllü olaraq azaldılmasını da daxil etdik və ilk dəfə olaraq qazın birgə alınmasına keçdik. Biz, həmçinin 70 milyard kubmetrdən çox Rusiya qazını əvəz edərək qaz tədarükçülərimizi şaxələndirmişik.

Yaşadığımız çətin dövrlərdə Azərbaycan keçən il Avropa İttifaqı bazarına qaz tədarükünü 40 faiz artırdı. Bu, enerji böhranından yan ötmək və Rusiya yanacaqlarından imtina etmək üçün önəmli tədbir idi. Həmçinin qaz ticarətimizin ikiqat artırılması baxımdan Cənub Qaz Dəhlizinin genişləndirilməsini alqışlayırıq. Biz bu qazın son istifadəçilərinə çata bilməsi üçün Avropa İttifaqının daxilində infrastrukturumuzu inkişaf etdiririk. Amma bizim ikitərəfli işimiz təkcə böhranın idarə edilməsindən ibarət deyil. Söhbət, eyni zamanda, Cənubi Qafqaz və Avropa İttifaqı arasında “Yaşıl enerji dəhlizi” layihəsindən başlayaraq gələcək iqtisadiyyatlarımıza doğru yol cızmaqdan gedir. Bu flaqman layihələri olaraq təqdim edilib. Eyni zamanda, Şərq Tərəfdaşlığı məkanında önəmli layihəyə çevrilir və, həmçinin qlobal çağırışdır. Bu baxımdan əməkdaşlıq üçün böyük imkanlar var. Bu, həqiqətən də mümkündür. Bunu reallığa çevirmək imkanımız var.

Biz həm Azərbaycanda, həm də Avropa İttifaqında enerji təhlükəsizliyini gücləndirmək, bərpaolunan enerji sərmayəsini açmaq və uzun müddət ərzində bazarlarımızda ticarəti təşviq etmək öhdəliyimizə sadiqik. Bu baxımdan Azərbaycanda elektrik enerjisi haqqında qəbul edilmiş yeni qanunu alqışlayırıq. Bizim tərəfimizdən Avropa İttifaqı qanunvericiləri bu yaxınlarda yeni enerji səmərəliliyi və bərpaolunan enerji tədbirləri, o cümlədən daha iddialı 2030-cı il hədəfləri ilə bağlı danışıqları tamamladılar. İqlim və enerji üzrə böyük iqtisadiyyatlar Forumunun son iclasında Prezident Ursula Fon der Lyayen noyabr ayında Birləşmiş Millətlər Təşkilatının Dubayda keçiriləcək İqlim Dəyişikliyi Konfransı - “COP-28” ərəfəsində enerji səmərəliliyi və bərpa olunan enerji üçün qlobal hədəflər təyin edib. Bu baxımdan biz inanırıq ki, həmin məqsədə çatmaqda Azərbaycan da bizə dəstək olacaq. Əlbəttə ki, burada həm qaz tədarükünün artırılması, həm yerli və beynəlxalq bazarlar üçün də bu imkanlar olmalıdır. Bu baxımdan maarifləndirməyə və məlumatlandırmaya ehtiyac var. Biz də tənzimləyici çərçivə olaraq daha çox şəffaflığa nail olunması, emissiyaların azaldılması sahələrdə və digər sahələrdə böyük işlər görürük. Biz Azərbaycan ilə bu istiqamətdə bərabər çalışmağa hazırıq.

Zati-aliləri, hörmətli səfirlər, nazirlər, xanımlar və cənablar, çıxışımın sonunda bir daha vurğulamaq istəyirəm ki, bizim Azərbaycanla bu istiqamətdə uzunmüddətli əməkdaşlığımız həqiqətən də çox əhəmiyyətli məsələdir. Bu, həm dayanıqlılıq və eyni zamanda, bərpaolunan enerjiyə tələbatın təmin olunması baxımından çox önəmlidir. Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla bir yerdə işləyərək enerji keçidimizi təmin etmək, eyni zamanda, sənaye əsaslarımızı gücləndirmək və iqtisadiyyatlarımızı iqlim neytrallığına yönəltmək önəmli vəzifədir. Təşəkkür edirəm.

x x x

Çıxışlardan sonra dövlətimizin başçısı Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri ilə tanış oldu.

Prezident İlham Əliyev Sərginin xatirə kitabını imzaladı.

Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim edildi.

***

12:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı tədbirdə çıxış edib.

Sonra ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Birləşmiş Ştatların Prezidenti Cozef Baydenin, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson isə Birləşmiş Krallığın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidentinə məktublarını oxuyublar.

Daha sonra Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero çıxış edib.

Çıxışlardan sonra dövlət başçısı Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri ilə tanış olub.

Prezident İlham Əliyev Sərginin xatirə kitabını imzalayıb.

Dövlət başçısına xatirə hədiyyələri təqdim edilib.

***

10:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edir.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.

***

10:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edir.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər