Notariusların xarici ölkələrdə tərtib edilmiş sənədləri hansı hallarda qəbul edəcəyi müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Notariat haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna edilmiş dəyişikliyə əsasən notariuslar xarici ölkələrdə tərtib edilmiş sənədləri aşağıdakı hallarda qəbul edirlər:
1. Həmin sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmış olduqda;
2. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi sənədə kağız və ya elektron formada həmin Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə (apostil) verildikdə. Bu zaman elektron formada verilmiş şəhadətnamə (apostil) bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq yoxlanıldıqdan sonra qəbul edilir.
Azərbaycan Respublikasının qanunvericiliyində, o cümlədən Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda notariuslar xarici ölkələrdə tərtib edilmiş sənədləri leqallaşdırılmadan və ya onlara Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə verilmədən qəbul edirlər.
***
Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişib.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Məcəlləyə edilmiş dəyişikliyə əsasən ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.