20 Dekabr 2023 12:14
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Cevdet Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti hər fürsətdə və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə Türkiyə Prezidenti ilə görüşdüyünü və müzakirələri davam etdirdiyini vurğuladı.

Cevdet Yılmaz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırdı və Ulu Öndər Heydər Əliyevin əsl liderlik nümayiş etdirərək Azərbaycan dövlətinin qurucusu olduğunu qeyd etdi.

Türkiyənin vitse-prezidenti tarixi Qələbə və Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə bir daha təbriklərini çatdırdı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin Türkiyədə böyük sevinclə qarşılandığı vurğuladı. Bu xüsusda ermənilər tərəfindən basdırılmış minaların hələ də böyük təhlükə törətdiyi və yenidənqurma işlərinə mane olduğu bildirildi.

Vitse-prezident Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü bildirdi, Kahramanmaraşda həyata keçirilən bərpa və tikinti işlərini xüsusilə qeyd etdi. Cevdet Yılmaz dünyanın yaşıl və rəqəmsal transformasiya dövründə olduğunu nəzərə alaraq, Azərbaycanla Türkiyənin bu sahədə də birgə çalışmasının və əməkdaşlığının vacibliyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin Preferensial Ticarət Sazişinin imzalanmasından sonra daha da artmasından məmnunluq ifadə olundu. Həmçinin gələn il Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın iclasının keçirilməsi, eləcə də ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, təşkilatın daha da gücləndirilməsi, digər qardaş türk ölkələri ilə işbirliyinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıldı.

***

10:55

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazı qəbul edib.

Teleqraf.com xəbər verir ki,bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər