Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva aidiyyəti beynəlxalq qurumlara və dünya ictimaiyyətinə, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və ölkəmizdəki diplomatik nümayəndəliklərə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması nəticəsində törədilmiş dağıntılar və insan tələfatına dair Hesabat təqdim edib.
Bu barədə Teleqraf.com-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, hesabat 2020-ci il 27 sentyabrdan 1 oktyabra qədərki dövrü əhatə edir və Ombudsmanın fakt-araşdırıcı monitorinq səfəri çərçivəsində toplanmış faktlar, eləcə də hadisələrlə bağlı digər materiallar əsasında hazırlanıb.
Ombudsmanın Hesabatı BMT Baş Katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.