Sentyabrın 27-dən etibarən işğalçı Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata başladı. Məhz buna cavab olaraq Azərbaycanın 30 ilə yaxın işğalda qalan ərazilərinin azad edilməsi üçün əks-hücum əməliyyatları ilə bağlı qərar verildi. Çünki indiyə qədər atəşkəs rejimi olmasına baxmayaraq Ermənistan buna riayət etməyib. Əksinə yeni torpaqlar almaq arzusuna düşüb.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova deyib.
O bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarına iddiası illər keçməsinə baxmayaraq azalmayıb, əksinə işğalçılıq niyyətləri daha da güclənib:
"Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olması ilə bağlı ötən yüz il ərzində kifayət qədər tarixi faktlara əsaslanan tədqiqatlar aparılıb. Amma bütün bunlara baxmayaraq, yenə də ermənilər öz təcavüzkar siyasətindən əl çəkmədi. Nəticə etibarilə 90-cı illərin əvvəllərində Dağlıq Qarabağın artıq Azərbaycanın nəzarətindən çıxarılması ilə bağlı təcavüzkar hərəkətlər başlanıldı. Bu ərazilərdə qondarma rejimin yaradılması nə tarixi gerçəkliyə, nə humanist dəyərlərə, nə də beynəlxalq hüquqa söykənən bir addım idi. Ermənilərin işğal məqsədilə vəhşicəsinə dinc əhaliyə qarşı törətdiyi qətliamlar heç bir çərçivəyə sığmayan qeyri-humanist addımlar idi. Onların ərazi iddiasının arxasında tarixi, mənəvi, siyasi, hüquqi heç bir əsas yoxdur".
Kafedra müdirinin sözlərinə görə, bugünkü Azərbaycanın real əraziləri məhz BMT səviyyəsində tanınıb:
“Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Buna baxmayaraq Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından 30 ilə yaxındır çıxmır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq təşkilatlar və ölkələr də təcavüzkar dövlətə qarşı heç bir kəskin reaksiya verməyiblər. Bunun da nəticəsində təcavüzkar daha da irəli getməyə başlayıb”.
Firdovsiyə Əhmədova qeyd edib ki, Azərbaycan dövlətinin öz ərazilərini azad etməyə tam hüquqlu əsası var:
“Bu gün Makron da daxil olmaqla, Azərbaycanın bu mövqeyinə qarşı çıxan qüvvələrin fikirləri nə tarixi, nə də hüquqi əsası olan yanaşmalardır. Çünki Azərbaycan bu gün Ermənistanın sərhədlərini pozmur. Baxmayaraq ki, indiki Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaradılıb. 1918-ci ildə əzəli Azərbaycan torpaqlarında keçmiş İrəvan xanlığının torpağında Ararat respublikası yaradılıb.
Onun da paytaxtı əzəli Azərbaycan şəhəri - İrəvan olub. Məhz bu konteksdən də Cənab Prezident İlham Əliyev də vurğulayıb ki, Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Müharibə gedən ərazilər Azərbaycanın Ermənistanla sərhədində deyil, sırf Azərbaycanın öz ərazisində gedir. Belə bir vəziyyətdə, beynəlxalq hüquqa əsasən kimsə "Niyə Azərbaycan tərəfi öz hüququnu qoruyur?" ifadəsini işlədə bilməz".
Tarixçi alim vurğulayıb ki, bu addıma görə Azərbaycana qarşı hər hansı bir təpki olarsa, bu, birbaşa təcavüzkarı dəstəkləmək deməkdir:
“Ona görə də Azərbaycanın bu gün apardığı əməliyyatlar nəinki yüz ilə, əsrlərə, minilliklərə söykənən əzəli torpaqlar uğrunda mübarizədir. Bu torpaqların Azərbaycana aid olması ilə bağlı heç bir müzakirə aparıla bilməz. Bunun üçün tək Azərbaycan müəlliflərinin deyil, xarici tədqiqatçıların, arxeoloqların, etnoqrafların saysız-hesabsız əsərlərinə nəzər salmaq kifayətdir. Təkzibedilməz sübutlar arxeologiya və antropologiya ilə bağlı tarixi tədqiqatlar birmənalı şəkildə siyasi konyukturaya tabe olmayan elm sahələridir".