18 yaşlı əsgərləri cəbhəyə sadəcə bir silahla göndərirlər. “Bağışlayın, mərmi yoxdur, tank yoxdur” deyirlər. Orada heç nə yoxdur, minlərlə ölü var...
Qarabağda döyüşə qatılan erməni əsilli Fransa vətəndaşı Artur Ohannisyan belə deyir.
Real kadrlar, xarici jurnalistlərin gördükləri, erməni rəsmilərin etiraf etməyə məcbur olduqları işğalçı ölkənin ağır vəziyyətini aydın ifadə edir.
Ermənistanın hərbi-siyasi rəhbərliyi itkiləri minimuma endirərək, ictimaiyyətə açıqlayır, lakin hər şeyi gizlədə bilmirlər. Müdafiə nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyanın “Düzgün başa düşün: bu, tamamilə fərqli müharibədir, bu, sadəcə dəhşətdir - nə birinci müharibəyə, nə də aprel savaşına bənzəyir. Biz əsgər valideynlərindən üzr istəyirik” sözləri Ermənistan rəhbərliyinin məcburi etirafıdır.
Cəbhə xəttindəki erməni hərbiçilər minlərlə itkilərinin olduğunu deyirlər.
Ordumuzun düşməni darmadağın etməsi davam edir. Təkcə dünən günorta saatlarından bu gün səhər saatlarına qədər baş verən döyüşlərdə erməni hərbi birləşmələrinə ağır zərbələr endirilib.
- Düşmənin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.
- Zərbələr nəticəsində Xankəndidəki erməni hərbi birləşmələrinin şəxsi heyəti təxliyə edilir.
- Ordumuzun Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirdiyi artilleriya atəşi nəticəsində xeyli sayda erməni hərbiçi məhv edilib.
- Düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib.
- Ermənistanın 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı isə tam işlək vəziyyətdə ələ keçirilib.
Sağ qalan erməni hərbiçilər qaçır, onların qarşısını almaq istəyən komandirlərinə silah çəkirlər. Separatçı rejimin “rəhbərliyinin” dünən “19 əsgərimizi meşədən xilas etdik” açıqlaması da əslində real vəziyyəti göstərir. Məlum olur ki, Ordumuzun ildırımsürətli əks-hücumu qarşısında darmadağın olan düşmən ordusunun əsgərləri meşələrə qaçaraq, gizləniblər.
Azərbaycan Müdafiə Nazirliyinin 30 sentyabr tarixində açıqladığı rəsmi məlumatda düşmən ordusunun 2300 canlı qüvvəsinin məhv edildiyi bilirilirdi. Bu, döyüşlərin dördüncü gününə olan məlumat idi. Həmin vaxtdan indiyə qədər keçən 10 gün ərzində erməni hərbi birləşmələrinin yüzlərlə hərbi texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib. Qızğın döyüşlərin getdiyi vaxtda məhv edilən düşmən qüvvələrinin sayını müəyyən etmək çətindir.
Həqiqətləri yazdığı üçün Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən akreditasiyası ləğv olunan “Novoy qazeta”nın xüsusi müxbiri İlya Azarın dedikləri də işğalçı ölkənin məğlubiyyətinin sübutudur.
İlya Azar yazır ki, Azərbaycan Ordusunun yüzlərlə hərbçi və polisin məxfi toplantı keçirdiyi Şuşadakı Mədəniyyət Evinə endirdiyi zərbə nəticəsində hamısı məhv edilib. Ermənistan rəhbərliyi bunu gizlədir. Məlumatlara görə, məhv edilən erməni hərbiçi və polislərin sayı 600-ə yaxın olub.
Hadruta qaçan və İlya Azara danışan erməni əsilli Fransa vətəndaşı Artur Ohannisyanın gördükləri də real vəziyyəti anlamağa imkan verir.
“Dünən Hadrutda idik. Zabitlər gəldi və komandirin mühakimə olunacağını söylədi. Gecə bütün gəncləri topladı və onlara getmələrini əmr etdi. Dedi ki, bunlar lap cavan uşaqdırlar, on gündür orduya çağırılıblar və dərhal onlara silah verilib. Aviasiya və artilleriyaya qarşı avtomatla nə edə bilərik? Mən orada diri meyit kimiyəm. Rəsmi açıqlamada 200 itki verdiyimiz açıqlanır. 200 nəfər elə mənim gözümün qabağında ölüb. Minlərlə ölü var! Bizə Cəbrayıla doğru hərəkət etməyimizi əmr edirlər. Amma Cəbrayıl artıq bizdə deyil.
Gülləkeçirməyən jiletlər tamamilə yararsızdır. Orada heç bir şey yoxdur. Yemək gəlir, maşın yolda hər şeyi boşaldır. Yemək istəyirsənsə, “Qrad” atəşi altında 4 kilometr piyada getməlisən”, - ayağında rezin çəkələk olan erməni könüllü əsgər danışır.
Rusiyanın “znak.com” saytının reportyoru isə yazır ki, ermənilər döyüşmək istəmir.
“Hərbçilərdən biri Xankəndidə sığınacaqda oturanlara irad bildirir: “Nə oturmusuz burada? Durun cəbhəyə gedin, orada əməlli-başlı qırğındı, bizi havadan vururlar, artilleriya ilə darmadağın edirlər. Minlərlə ölü var!”, - jurnalist yazır.
Alik adlı erməni hərbiçisi deyir ki, onlara kömək gəlmir, hər yer yanır, minlərlə ölü var.
Erməni mənbələrində və sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlarda 5 minə yaxın erməni zabit və əsgərin yoxa çıxdığı, onlar haqqında məlumat almağın mümkün olmadığı qeyd olunur.
Əsgər və zabitlərin validenləri, yaxınları sosial şəbəkələrdə etirazlarını bildirir, onların Azərbaycana qarşı müharibəyə zorla göndərildiyini yazırlar. Hərbiçilərin valideynləri, yaxınları onlardan xəbər ala bilmədiklərini, adlarını nə ölü, nə də yaralı siyahısında tapmadıqlarını deyirlər. Erməni valideynlərin etirazı iki faktı bir daha təsdiqləyir:
Birincisi, işğal edilmiş ərazilərdə Azərbaycana qarşı Ermənistan silahı qüvvələri döyüşür və bununla işğalçı ölkənin “Qarabağın özünü müdafiə ordusu” mifinin yalan olduğu yenə ortaya çıxır. Ordumuzun Qarabağda ələ keçirdiyi erməni hərbiçi Narek Qarik oğlu Amirzanyanın Ermənistanın Tavuş rayonunda doğulması, Noyanberyan rayonunda yaşaması da belə faktlardan biridir.
İkincisi, Ermənistanın hərbi rəhbərliyi itkiləri gizlədir. Ermənilərin sosial şəbəkələrdə yazdıqlarından məlum olur ki, itkilər təkcə əsgərlər yox, zabitlər arasında da çoxdur.
Artsrun Ovannisyanın etirafı bunun rəsmi təsdiqidir:
“Bəzi vətəndaşlar bu günlərdə oğullarının fotolarını sosial mediada dərc edərək onların tapılmasına kömək istəyir. Münaqişə bölgəsində şiddətli döyüşlər davam edir. Bu da öz növbəsində həlak olanların cəsədlərinin tapılmasını çətinləşdirir. Bu savaş tamamilə fərqlidir, ilk müharibədən və 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq, bir kabusdur. Üzr istəyirik və buna anlayışla yanaşmağınızı xahiş edirik”.
Minlərə itki və bunun gizlədilməsi, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlar Paşinyan hakimiyyətinin tezliklə əsgər anaları, ümumilikdə erməni cəmiyyətinin ciddi etiraz dalğası ilə üzləşəcəyinə zəmin yaradır. Nikol Paşinyanın isterik şəkildə hərəkət etməsi, diktatura rejimini daha da sərtləşdirməsi bundan qaynaqlanır.
Bu vəziyyət erməni əsgər və zabitlərin, onların validenyləri və yaxınlarının qarşısında seçim qoyur: ya diktatura rejiminin işğal siyasətinin qurbanı olacaqlar; ya da Azərbaycan torpaqlarını tərk etməklə, təhlükəsiz həyat yaşaya biləcəklər;
Yeganə çıxış yolu Azərbaycan ərazilərinin işğalına son qoymaqdır.