“Ermənistan yalnız mülki insanları deyil, 30 ildir işğal etdiyi Dağlıq Qarabağdakı mədəni və tarixi irsə qarşı da soyqırım həyata keçirir. Qarabağdakı məscidlər, kilsələr və türbələr daxil olmaqla 900-dən çox tarixi, dini abidənin demək olar ki, hamısı dağıdılıb və məhv edilib. Rəsmi rəqəmlərə görə, işğaldan əvvəl Qarabağdakı 67 məsciddən yalnız 1-i dağıdılmayıb. Həmin məscidə də iranlılara məxsus olduğuna görə toxunulmayıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Gündəm” qəzetində dərc olunan məqalədə bildirilib.
Məqalə müəllifi yazır:
“Bəzi məscidlər donuz tövləsinə çevrilib. 144 məscid, 192 türbə və yüzlərlə abidə dağıdılıb. Qəbiristanlıqlar inşaat texnikası ilə hamarlaşdırılıb. Yalnız müsəlmanlar deyil, xristianlar da erməni vandalizmindən öz paylarını alıblar.
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı “Yeni Şafak”a ermənilərin mədəni soyqırımı barədə danışıb. İşğal altındakı bölgələrdə müsəlman kimliyinə aid abidələrin və mədəni əsərlərin məhv edildiyinə diqqət çəkən Qurbanlı deyib:
“Məscidlər donuz, inək və qoyun tövlələrinə çevrilib. Qərb ölkələrindən olan fotoqraflar bunları çəkib. Altı fərqli dildə kitablar çap edərək dünyaya ermənilərin səbəb olduğu mədəni qırğını elan etdik. Erməni vandalizmi bu gün də davam edir. Yenə toplarını mülki şəxslərə, tarixi və dini abidələrə çeviriblər. Gəncə şəhərində dinc sakinlərə edilən hücumlarda dini abidələr də hədəf alınıb.
Müharibə zamanı tarixi dini ziyarətgahlara, məscidlərə, kilsələrə və sinaqoqlara toxunmaq olmaz. Amma ermənilər buna baxmırlar və vəhşiliklərini açıq şəkildə göstərirlər. Torpaqlarımız azad edildikdən sonra ermənilərin dağıtdığı bütün abidələri bərpa edəcəyik. Xalqımızın burada sərbəst ibadət etməsini təmin edəcəyik.
Ermənilərin “Azərbaycan ordusu kilsəmizi dağıtdı” iddiası qətiliklə yalandır. Bu gün Azərbaycanda bir çox millətlərlə birlikdə yaşayırıq. Bu gün ölkə daxilində 70 sinaqoq var. Bunlardan başqa, erməni kilsəsi Bakının mərkəzində yerləşir. İnsanlar sərbəst ibadət edə bilərlər. Biz türkük, türklər heç vaxt insanların dini inanclara sahib olduğu yerlərə toxunmayıblar.
Ermənilər “azərbaycanlılar dinimizə, kilsəmizə toxundular” deyərək dünya xristianlarını təhrik etmək və onları Azərbaycana qarşı təxribata çəkməyi planlaşdırırlar.
Qafqazda tarixən Albaniya dövləti olub. Azərbaycan türkləri bu dövlətin əsas rəhbərləri idi. 1836-cı ildə rus çarının fərmanı ilə Qafqaz Albaniyasının dini mərkəzləri ləğv edildi. Bu qərardan sonra bütün kilsələr ermənilərə verildi. Qafqaz Albaniyasından olan kilsələri erməni kilsələrinə çevirərək qriqoryanlaşdırdılar. Ermənilər bu ərazilərdəki protestant və katolik kilsələrini də məhv etdilər”.